Gələn həftədən Bakıda yeni avtobus marşrutları istifadəyə veriləcək

Gələn həftədən Bakıda yeni avtobus marşrutları istifadəyə veriləcək Yeni marşrutlarda avtobusların 16-18 dəqiqə intervalla saat 06:00-dan 22:00-dək hərəkəti nəzərdə tutulub
İnfrastruktur
12 Sentyabr , 2015 17:21
Gələn həftədən Bakıda yeni avtobus marşrutları istifadəyə veriləcək

Bakı. 12 sentyabr. REPORT.AZ/ Rayonlardan Bakıya gələn rayon avtomobilləri üçün yaradılan Şimal və Cənub istiqamətində yerləşən duracaq yerlərindən vətəndaşların şəhərə gəlməsi üçün yeni marşrutlar istifadəyə verilir. "Report"un xəbərinə görə, bu barədə Nəqliyyat Nazirliyi məlumat yayıb.

Belə ki, Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının tədbirlər planına əsasən, sentyabrın 15-dən etibarən rayonlardan gələn minik və yük avtomobillərinin Bakı şəhərinə girişinə məhdudiyyətlər qoyulması ilə əlaqədar Şimal və Cənub istiqamətində rayonlardan paytaxta gələn rayon avtomobilləri üçün müvəqqəti duracaq yerləri ayrılıb. Bu məsələ ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi vətəndaşların rahatlığını təmin etmək məqsədilə operativ tədbirlər planı həyata keçirib. Avtomobilini duracaq yerində park edən sürücü və vətəndaşlar Nəqliyyat Nazirliyi tərəfindən ayrılan xüsusi marşrut avtobusları ilə rahat şəkildə vaxt itirmədən şəhər mərkəzinə gələ biləcəklər. Şimal istiqamətindəki duracaqdan – yəni Qafqaz Universitetinin yaxınlığından 20 Yanvar m/s-na kimi 203 saylı marşrut avtobusu xəttə buraxılacaq. Eyni zamanda, 135 və 199 saylı marşrut avtobusları da Qafqaz Universitetinin yaxınlığından keçdikləri üçün vətəndaşlar 135 saylı avtobusla Memar Əcəmi m/s-na və 199 saylı avtobusla Xətai prospektinə gedə biləcəklər.

Cənub istiqamətində yerləşən duracaq yerindən vətəndaşların şəhərə gəlməsi üçünsə 206 saylı marşrut avtobusu ayrılıb. 206 saylı avtobus Salyan şossesində yerləşən duracaq yerindən Lökbatan dairəsi – Dairəvi Yol - Elmlər Akademiyası m/s-nı keçməklə hərəkət edəcək. Həmçinin, bu istiqamətdə 195 və 197 saylı marşrut avtobusları da fəaliyyət göstərir ki, vətəndaşlar 20-ci sahə adlanan əraziyə kimi bu avtobuslardan istifadə edə bilərlər. Həmin marşrut avtobusları 14 sentyabr tarixindən vətəndaşlara xidmət göstərəcək.

Yeni inşa edilən dayanacaqlardan Bakı şəhərinin daxilinə çatdırması üçün müvafiq avtobus marşrutlarının hərəkət sxemləri və qrafikləri hazırlanıb. Dayanacaqlar istifadəyə verildikdən sonra qeyd edilən avtobus marşrutları istismara veriləcək. Dayanacaqlardan sərnişinlərin daşınması üçün yeni 203 (5 avtobus) və 206 (5 avtobus) nömrəli avtobus marşrutlarının sxemi təsdiq edilib. Yeni marşrutlarda avtobusların 16-18 dəqiqə intervalla saat 06:00-dan 22:00-dək hərəkəti nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi