Yuxarı
    Bağlamaq

    "​Formula 1" Avropa Qran-Prisinə hazırlıqla bağlı görülmüş işlərin nəticələri açıqlanıb

    Layihə üzrə işlərin 86%-i artıq reallaşıb

    Bakı. 19 fevral. REPORT.AZ/ "Bakı Şəhər Halqası" (BŞH) əməliyyat şirkəti Bakıda ilk dəfə keçiriləcək "Formula 1" Avropa Qran-Pri yarışına hazırlıqla əlaqədar fəaliyyət planının birinci mərhələsi üzrə görülən işlərin böyük hissəsinin artıq başa çatdığını açıqlayıb. 

    Şirkətdən "Report"a daxil olan xəbərə görə, Avropa Qran-Prisinin keçiriləcəyi trasın tikintisinə başlandığı tarixdən etibarən bu günədək trek boyunca asfalt örtüyünün qazılması və ilk növbədə yeni asfaltın alt qatının salınması üzrə görüləcək işlərin 86%-i artıq reallaşıb.

    Belə ki, tikinti planına əsasən, trasın böyük hissəsində həm 9 sm dərinliyində asfalt örtüyü qazılıb, həm də buna paralel olaraq həmin yerlərə 5 sm qalınlığında alt asfalt qatı çəkilib. Asfalt örtüyünün üst hissəsinin salınmasına isə mart ayının sonunda başlanacaq və bu prosesin mayın əvvəlində yekunlaşacağı gözlənilir.

    Qeyd edək ki, normal asfalt örtüyündən fərqli olaraq trekə çəkilən asfaltın xüsusən üst qatı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) standartlarına cavab verməlidir. Arzuolunan keyfiyyətə nail olmaq və iş zamanı təhlükəsizliyi tam təmin etmək məqsədilə asfaltın üst qatının salınması prosesi yalnız gündüz saatlarında həyata keçiriləcək.

    Əməliyyat şirkəti Avropa Qran-Prisinin keçiriləcəyi trekə düşən küçələrdə aparılan tikinti işləri zamanı şəhər əhalisinin rahat hərəkətini təmin etmək istiqamətində davamlı olaraq müvafiq dövlət qurumları ilə birgə tədbirlər görməkdədir. Bununla yanaşı, yarış ərəfəsində Bakı şəhərində yol hərəkətinin təşkilinə dair Nəqliyyatın İdarəolunması Planı və yarışı izləməyə gələn tamaşaçılara və əməliyyat şirkətinin tərəfdaşlarına səmərəli nəqliyyat xidmətinin göstərilməsi ilə əlaqədar olaraq Nəqliyyat Əməliyyat Planı hazırlanıb.

    BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Avropa Qran-Prisi ilə bağlı plana əsasən görülən işlərin ilk mərhələsinin tezliklə başa çatacağını bildirib: “Yarışa qalan günlər azaldıqca, həyəcan və sevincimiz getdikcə artır. Bu möhtəşəm yarışı ən yüksək səviyyədə keçirmək üçün bütün gücümüzü səfərbər etmişik. Hazırlıqlarla bağlı artıq birinci mərhələnin sonuna çatırıq. Yarışa yaxınlaşdıqca şəhərdə "Formula-1" ab-havası daha aydın müşahidə olunacaq”.

    Avropa Qran-Prisi zamanı idman fəaliyyəti göstərəcək əsas işçi qüvvəsinin yüksək səviyyədə hazırlığı istiqamətində də işlər davam etdirilir. Belə ki, paddok və qarajlardan tutmuş trekə qədər yarışın rahat və fasiləsiz keçməsini təmin edəcək marşalların qeydiyyatı davam edir və indiyədək 2500 nəfər müraciət edib. Artıq marşalların seçimi və təlimi prosesinə start verilib. Ötən ay təxliyyə marşalları komandasının üzvləri üçün qəza halında pilotun boliddən çıxarılması və düzgün tibbi yardımın göstərilməsi üzrə təlim keçirilib və marşallar FİA-nın nümayindəsinin təşkil etdiyi imtahandan uğurla keçərək sertifikatlar əldə ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi