Erməni işğalı nəticəsində Azərbaycan dəmir yolu təsərrüfatlarına dəyən ziyan açıqlanıb

Erməni işğalı nəticəsində Azərbaycan dəmir yolu təsərrüfatlarına dəyən ziyan açıqlanıb Erməni təcavüzü nəticəsində 240,4 km dəmir yolu işğal altına düşüb
İnfrastruktur
31 Mart , 2016 10:49
Erməni işğalı nəticəsində Azərbaycan dəmir yolu təsərrüfatlarına dəyən ziyan açıqlanıb

Bakı. 31 mart. REPORT.AZ/ Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240,4 km sahəsi işğal altına düşüb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən "Report"a verilən məlumata görə, Horadiz-Ordubad sahəsi üzrə 144 km. (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km. işğal altındadır.

Qeyd olunub ki, işğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 060 min ABŞ dolları məbləğində ziyan dəyib. Təsərrüfatlar üzrə dəyən ziyanın məbləği aşağıdakı kimidir:

Lokomotiv təsərrüfatı üzrə - 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalıb, təqribən 14 mln. ABŞ dolları həcmində ziyan dəyib.

Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı - 4 mln. 860 min ABŞ dolları məbləğindədir.

Horadiz-Mincivan-Qafan-İmişli stansiyalarında olan vaqonların texniki-müayinə məntəqələri (TMM), cari təmir sexləri, qaldırıcı mexanizmlər, vaqonların təmiri üçün xüsusi dalan yolları, xeyli miqdarda yük vaqonları və sairə texniki avadanlıqlar dağıdılıb.

Yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı - 10 mln. 250 min ABŞ dolları təşkil edir.

Bura daxildir: istehsal gücü 200 min kub olan çınqıl zavodu, yol distansiyalarının emalatxanaları, drezinləri, qaldırıcı qurğuları, ağır maşın-mexanizmləri, inzibati binaları, yoldəyişdirici qurğuları, müxtəlif tipli relslər, böyük və orta körpülər, tunellər, qalereyalar, keçidlər və s. avadanlıqlar.

Daşıma Proseslərini İdarəetmə Birliyi üzrə işğal olunmuş stansiyalara Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 12 mln. 350 min ABŞ dolları məbləğindədir.

Rabitə və İşarəvermə, Enerji təchizatı təsərrüfatlarının Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 3 mln. 600 min ABŞ dolları təşkil edir. Bura daxildir: 80 km. ikixətli xüsusi markalı kabellər, avtomatik bloklama sistemləri, rabitə və teleqraf qurğuları, yerli ATS, dispetçer mərkəzləşdirmə qurğusu, Mincivan-Bartaz , Mincivan-Xurama sahələrində olan birxətli avtomatik bloklama sistemləri, Mincivan-Zəngilan sahəsində rele yarımavtomat bloklama sistemi.

Qeyd edək ki, 31 mart Dünya azərbaycanlılarının hüzn və kədər günüdür. Həmin gün Bakı şəhərində və quberniyanın müxtəlif bölgələrində daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər. Bakıda törədilən qırğınlar təkcə mərkəzlə məhdudlaşmayıb, kütləvi qırğınlar Qubanı, Şamaxını, Göyçayı, Lənkəranı, Salyanı, Kürdəmiri, Qarabağı və digər ərazilərimizi tutub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin xətt boyu yerləşən təşkilatlarında 31 mart Dünya azərbaycanlılarının hüzn və kədər günüilə bağlı keçirilən anım tədbirlərində soyqırımı qurbanlarının xatirəsi yad olunur, facəni yaradan səbəblər, soyqırımı nəticəsində vurulan maddi və mənəvi ziyan xatırlanır. 

Son xəbərlər

Orphus sistemi