​ƏMDK-nın torpaq müfəttişləri Binəqədidə monitorinq aparıblar

​ƏMDK-nın torpaq müfəttişləri Binəqədidə monitorinq aparıblar Müfəttişlər 500-ə yaxın torpaq sahəsində istifadə ilə bağlı qanunsuzluq halları aşkarlayıblar
İnfrastruktur
3 İyun , 2016 18:35
​ƏMDK-nın torpaq müfəttişləri Binəqədidə monitorinq aparıblar

Bakı. 3 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) torpaq müfəttişləri Binəqədi rayonunun Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində, Abşeron rayonunda növbəti monitorinq və reydlər keçiriblər.

“Report” Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, monitorinq zamanı Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarından Binəqədi bələdiyyəsi tərəfindən qanunsuz olaraq torpaq sahələrinin ayrılması halları aşkar olunub. Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir və nəticədə narazılıqlar meydana çıxır.

Eyni zamanda dövlət başçısının fərmanının tələblərinə əsasən, Komitə tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb. Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra özbaşına tikinti hallarının qarşısının alınması ilə bağlı tədbirlər həyata keçiriləcək.

Reydlər zamanı məlum olub ki, Abşeron rayonunda 104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fiziki şəxslərə icarəyə verilib. Lakin bu torpaqlardan 50 ha ərazi müxtəlif vətəndaşlar tərəfindən qanunla qadağan olunmasına baxmayaraq (yəni dövlət qeydiyyatına alınmadan) hasarlanıb. Digər hissədə isə hüquqi qaydada icazə olmadan tikinti aparılması üçün hazırlıq işləri görülüb.

Bundan əlavə, torpaq reydləri zamanı Hövsan-Türkan yolunun şimal tərəfində, ayrı-ayrı şəxslər tərəfindən təqribən 1,9 ha torpaq sahəsi heç bir qanuni torpaq ayırma sənədi olmadan, habelə dövlət qeydiyyatına alınmadan özbaşına zəbt olunaraq, hasarlanıb və müxtəlif tikinti işləri aparılıb.

Monitorinqlər zamanı bütün bu halların qarşısı alınıb, aparılan tikinti işləri tamamilə dayandırılıb. Qanunsuzluqlarla bağlı aktlar tərtib edilib, inzibati tədbirlər görülüb, cərimə və sanksiyalar tətbiq olunub.

Bu il torpaq müfəttişləri tərəfindən 500-ə yaxın torpaq sahəsində istifadə ilə bağlı qanunvericilik tələblərinin pozulması halları aşkarlanıb. Bu hallar əsasən dövlət və bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində zəbt etmələr, hüquqi rejiminə zidd istifadə halları, habelə torpaqların təyinatına uyğun olmayaraq süni balıq göllərinin, daş və gil-çınqıl karxanaları yaradılması, torpağın üst münbit qatının korlanmasıdır. Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin və digər təyinatlı obyektlərin tikintisi hallarıdır. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.

İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən dövlət müfəttişləri və müfəttişlər tərəfindən belə hallara dair 930-dan çox hüquqi və fiziki şəxslərə xəbərdarlıq, 230-dan çox halla bağlı inzibati protokol tərtib edilib, 170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunub.

Qeyd edək ki, torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır.

Son xəbərlər

Orphus sistemi