Yuxarı

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Hacıqabulda rayon ictimaiyyəti ilə görüşüb

Kərəm Həsənov: Komitə geniş özəlləşdirmə proqramının hazırlanmasına başlayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov yanvarın 29-da Hacıqabulda rayon ictimaiyyəti və fəalları ilə görüşüb. ƏMKD-nin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, görüşdə ölkə Prezidenti tərəfindən ötən ilin yekunları və regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqlar, bu müddət ərzində görülən işlər və bu il üçün nəzərdə tutulan inkişaf tədbirləri barədə məlumat verilib.

Görüşdə Komitə sədri bildirib ki, ötən il dünyada baş verən iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməsə də, ölkə inkişaf dinamikasını saxlaya bilib: “2015-ci ildə ÜDM 1%-dən çox, sənaye istehsalı 2,4%, qeyri-neft sənayesi isə 8,4% artıb. Kənd təsərrüfatı sahəsində 6,6% artım olub. Ölkə iqtisadiyyatına 20 mlrd. dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Yüz mindən çox yeni iş yeri açılıb, onlardan 84 mini daimidir. Maaş və pensiyalar artırılıb. 2015-ci ildə bütün sosial proqramlar icra edilib və heç bir proqram ixisar edilməyib. Dövlət başçısının da vurğuladığı kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq. Bu məqsədlə, ölkə rəhbərliyi tərəfindən artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər edilib. Yaranmış iqtisadi şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görüləcək. Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi istiqamətində işlər aparılır”.

Eyni zamanda K.Həsənov vurğulayıb ki, ölkə başçısının tapşırığına əsasən bu il geniş özəlləşdirmə proqramı icra ediləcək. O, vurğulayıb ki, bu sahəyə yerli və xarici investorlar cəlb ediləcək: “Artıq Komitə geniş özəlləşdirmə proqramının hazırlanması istiqamətində tədbirlərə başlayıb. Yerli və xarici investorların prosesə aktiv cəlb olunması nəzərdə tutulur. Genişmiqyaslı özəlləşdirmə nəticəsində dövlət büdcəsinin gəlirləri artacaq, bu gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldiləcək. Regionların iqtisadi potensialı güclənəcək. Dövlət başçısı keçirdiyi müşavirələrdə torpaq fondunun dəqiq uçotunun aparılması, faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması barədə tapşırıqlar verib. Bu tapşırıqların icrası məqsədilə Komitə tərəfindən artıq bir sıra tədbirlər həyata keçirilir. Ölkədə ilk dəfə olaraq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi icra olunur”.

Bununla belə, görüşdə qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına əsasən bu il mərkəzi və yerli icra orqanları, aidiyyəti qurumlar ölkə iqtisadiyyatının inkişafı istiqamətində bütün zəruri tədbirləri həyata keçirəcək. Yerli icra orqanları tərəfindən iş yerlərinin yaradılması, investisiyanın cəlb edilməsi ilə bağlı tədbirlər görüləcək. Bu il kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı işlər davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi