Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlakın qeydiyyatı və torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub
İnfrastruktur
27 Noyabr , 2015 15:02
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Göyçayda keçirdiyi növbəti vətəndaş qəbulunda Göyçay, Ucar, Kürdəmir, Zərdab və İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. Komitədən "Report"a daxil olan xəbərə görə, vətəndaş qəbulu Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edərək komitə sədrinə müraciətlərini bildiriblər. Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir çox vətəndaş onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət ediblər. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.

Qeydiyyatda “bir pəncərə” prinsipinə toxunan komitə sədri vətəndaşların diqqətinə çatdırıb ki, artıq həm torpaq, həm də daşınmaz əmlakın qeydiyyatı yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılır. Bir ünvana müraciət uzun proseduraları aradan qaldırıb. Artıq vətəndaşlar uzun sənədləşdirmə işi üçün vaxt sərf etmirlər, müxtəlif qurumlara müraciət etmirlər.

Komitə sədri torpaqlardan təyinatı üzrə istifadə məsələlərinə də toxunub. Bildirilib ki, ölkə prezidenti tərəfindən imzalanmış sərəncamla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və dövlətin mülkiyyətində olan torpaqlara dair qanunsuz qərar vermə ilə əlaqədar cəzalar sərtləşdirilib. Komitə tərəfindən torpaqların təyinatı ilə bağlı qanunvericiliyə riayət olunması istiqamətində tədbirlər də gücləndirilib. Bakı və regionlarda monitorinqlər həyata keçirilir. Məqsəd respublikada dövlət, bələdiyyə və özəl mülkiyyətə münasibətdə hüquqların və mənafelərin daha səmərəli təmin olunmasıdır. 

Son xəbərlər

Orphus sistemi