​Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirilib

​Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirilib Müşavirədə ayrı-ayrı struktur bölmə və qurum rəhbərlərinin görülən işlər barədə çıxış və təqdimatları olub
İnfrastruktur
14 İyul , 2015 15:30
​Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirilib

Bakı. 14 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) bu ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, ƏMDK sədri Kərəm Həsənov qeyd edib ki, ölkə başçısı tərəfindən mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə mayın 4-də Dövlət Komitəsinin yeni əsasnaməsi təsdiq edilib. Daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar Komitəyə həvalə edilib.

Bu vəzifələrə dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili aiddir. Digər vəzifələrə torpaqların dövlət mühafizəsi və qorunması, torpaqların təyinatı üzrə istifadəsinə dövlət nəzarəti daxildir. Eyni zamanda, torpaq bazarının təşkili, bütün kateqoriyalı torpaqların elektron uçotu və torpaq məlumat bankının yaradılması, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi kimi vəzifələr də müəyyən edilib. Torpaq idarəçiliyinin təkmilləşdirilməsi və mülkiyyət növləri üzrə sərhədlərin dəqiqləşdirilməsi nəzərdə tutulub. Dövlət və bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin təşkili də Komitəyə həvalə olunub.

Komitə sədri çıxışında bildirib ki, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib. Komitənin şəhər və rayonlar üzrə dövlət müfəttişləri bütün respublika üzrə torpaq qanunvericiliyinə riayət olunmasına nəzarət edəcəklər.

Qeyd edilib ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 2015-ci ilin əvvəlində 3 SMS xidməti istifadəyə verilib. Ümumilikdə isə Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə 227 minə yaxın elektron müraciət daxil olub. Bu il mobil ofis xidmətləri vasitəsilə respublika üzrə vətəndaşlardan 45 500 müraciət qəbul edilib. Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan “Kütləvi çıxarış” kampaniyası çərçivəsində ümumilikdə 3800-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib.

Komitənin İKT strategiyasının tətbiqi və resursların səmərəli idarə edilməsi diqqət mərkəzində saxlanılır. Bakı şəhərində müasir dizaynlı və son nəsil yeni texnologiyalarla təchiz edilən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tikilib istifadəyə verilib. Şamaxıda Ehtiyat Məlumat Mərkəzinin inşası başa çatıb.

Müşavirədə qeyd olunub ki, bu ilin yanvar-iyun aylarında 355 kiçik dövlət müəssisə və obyekti, 222 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Ötən dövr ərzində 224 qeyri-yaşayış sahəsi və 162 torpaq sahəsi icarəyə verilib. Keçirilmiş 25 pul hərracında 14 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.

Hesabat dövründə səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5808 illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4 353-ü isə elektron formada təqdim olunub. 216 səhmdar cəmiyyətindən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib.

Bu ilin ilk yarısında 106 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 65 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 49 minə yaxını onlayn üsulla həyata keçirilib. Bu ilin yanvar-iyun ayları ərzində 69 mindən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.

Müşavirədə ayrı-ayrı struktur bölmə və qurum rəhbərlərinin görülən işlər barədə çıxış və təqdimatları olub.

Son xəbərlər

Orphus sistemi