Yuxarı

Azərbaycanda torpaq qanunvericiliyinin pozulması ilə bağlı çoxsaylı faktlar aşkar edilib

İndiyədək Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 16 709 hal aşkarlanıb

Bakı. 1 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqləri və torpaq reydləri keçirilir. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. Həmçinin, monitorinqlər və torpaq reydləri zamanı mühafizə zonalarında müvafiq qurumlar tərəfindən torpaq ayrılması, vəzifəli şəxslər tərəfindən torpaq sahələri ilə bağlı qanunsuz qərarların verilməsi faktları araşdırılır. Bu barədə "Report" Komitədən məlumat verilib.

Belə monitorinqlər Komitənin torpaq sahələrinə nəzarət üzrə torpaq müfəttişləri tərəfindən həyata keçirilir: "Aparılmış monitorinqlər nəticəsində məlum olub ki, bəzi hallarda torpaqlar təyinatına uyğun istifadə edilmir, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və gil-çınqıl karxanaları və sair obyektlər yaradılır. Bundan əlavə, qanunla müəyyən edilmiş mühafizə zonalarında yaşayış və ya qeyri-yaşayış, meşə fonduna aid torpaq sahələrində kommersiya məqsədli obyektlər tikilir".

"Bəzi hallarda torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması hallarına rast gəlinir ki, bu da torpaqların eroziyaya uğramasına səbəb olur. Son nəticədə, torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. Torpaq müfəttişlərinin apardığı monitorinqlər zamanı aşkar edilib ki, bir sıra hallarda vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edir və hasarlayırlar. Müxtəlif təyinatlı torpaq sahələrinin özbaşına zəbt olunması və əsassız istifadəsi isə həm vətəndaşın, həm də dövlətin mülkiyyət mənafelərinin səmərəli qorunmasına maneələr yaradır", - deyə məlumatda bildirilir. 

Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisi hallarıdır. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.

Bunu nəzərə alaraq, Azərbaycanda torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyət, icarə və istifadə hüquqlarının pozulması, torpaqların özbaşına zəbt edilməsi və s. pozuntulara qarşı cəzalar sərtləşdirilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, sahilboyu mühafizə zolaqları, vəzifəli şəxslər tərəfindən torpaq ayırma ilə bağlı verilən qanunsuz qərarlar, özbaşına tikintilər və ya tikintiyə qanunazidd icazənin verilməsi, mülkiyyət, icarə və istifadə hüququnu pozma ilə əlaqədar cərimələr təyin edilib. Bəzi pozuntulara görə isə inzibati tədbirlərlə yanaşı cinayət məsuliyyəti də nəzərdə tutulub. Cinayət Məcəlləsində edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İndiyədək Komitə tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 16 709 hal aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, dövlət müfəttişləri tərəfindən 787 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib. İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 2015-ci ildə torpaq qanunvericiliyinin tələblərini pozan 156 şəxs barəsində inzibati tənbeh növü tətbiq edilib və 152 min manatdan çox inzibati cərimə tətbiq edilməsi barədə qərarlar qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi