​Əmlak Məsələləri Dövlət Komitəsi Samuxda işgüzar forum keçirib

​Əmlak Məsələləri Dövlət Komitəsi Samuxda işgüzar forum keçirib Gəncə və Şəkidə 200 min hektardan çox ərazidə çöl-ölçmə işləri aparılıb
İnfrastruktur
11 May , 2016 12:54
​Əmlak Məsələləri Dövlət Komitəsi Samuxda işgüzar forum keçirib

Bakı. 11 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün Samux rayonunda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı növbəti işgüzar forum keçirib. “Report”a Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, forum Komitənin aparatı və tabeli qurumları, Samux rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələrinin iştirakı ilə keçirilib.

Forumların keçirilməsində məqsəd Torpaqların Elektron Uçotu Sisteminin qurulması, elektron kadastr xəritələrinin hazırlanması ilə bağlı görülən işlərin mahiyyəti və nəticələrinin icra hakimiyyəti orqanları, bələdiyyələr, torpaq və digər daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri və istifadəçilərinə izahı, habelə həyata keçirilən işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Forumda çıxış edən ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev qeyd edib ki, dövlət başçısının fərmanına əsasən, ölkədə torpaqların elektron kadastr uçotu informasiya sistemi qurulur: “Uçot sisteminin iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsizdir. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd, torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən, təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək, sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə, onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir”.

Xidmət rəisi bildirib ki, bu il Azərbaycanın 23 rayonunda, 2019-cu ilin sonunda ölkənin 3,2 mln. ha torpaq sahəsinin dəqiq uçotu hazır olacaq və bu məlumatlar sözügedən sistemə daxil ediləcək: “Torpaqların uçotu işi 2020-ci ildə yekunlaşacaq, müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasını təmin edəcək. Torpaq ehtiyatları daha mükəmməl qaydada idarə ediləcək, əmlak münasibətlərinin tənzimlənməsinin müasir mexanizmi yaranacaq. Torpaqların sənəd və faktiki göstəricilərindəki uyğunsuzluqlar aradan qaldırılıb dəqiq şəkildə sistemdə əks olunacaq.Bu sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcək. Komitətərəfindən bugünədək bir neçə kadastr layihəsi həyata keçirilib və hazırda bu işlər davam etdirilir. Bakı və Sumqayıt şəhərlərinin kadastr tarixlərində ilk dəfə olaraq, hər iki şəhərin 205 minə yaxın ha ərazisinin müfəssəl elektron kadastr məlumat bazası yaradılıb. Bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikili barədə müfəssəl məlumatlar toplanıb”.

Forumda vurğulanıb ki, Gəncə şəhəri və Şəki rayonu üzrə ümumilikdə 200 min hektardan çox ərazidə çöl-ölçmə işləri aparılıb. Gəncədə icra olunan “Kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi" də artıq yekunlaşıb. Layihənin əsas hədəfi şəhər ərazisində daşınmaz əmlakın kadastrı işlərinin inkişafı, habelə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmət səviyyəsinin yüksəldilməsidir. Hazırda Şəki rayonunun 55 min ha ərazisində icra olunan kadastr layihəsi bu ilin birinci yarımilliyində yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaq.

Qeyd edək ki, işgüzar forumlar artıq Cəlilabad, Masallı, Ağcabədi rayonlarında keçirilib və geniş ictimaiyyətə sistemlə bağlı məlumatlar verilib, aidiyyəti qurumlarla fəaliyyətin əlaqələndirilməsi məsələləri müzakirə edilib. Bu forumlar mayın 12-də Göygöl, mayın 13-də Zaqatala, mayın 14-də isə Oğuzda da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi