Yuxarı

​Əmlak Məsələləri Dövlət Komitəsi Füzuli rayonunda "Kütləvi çıxarış" kampaniyası keçirib

Cəbhə xəttində yaşayan sakinlərin daşınmaz əmlakları sənədləşdirilir

Bakı. 20 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanın cəbhə bölgələrindəki daşınmaz əmlakların kütləvi surətdə sənədləşdirilməsi çərçivəsində mayın 20-də Füzuli rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib.

Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, Füzulidə keçirilən kampaniyada 200-ə yaxın cəbhə bölgəsi sakinlərinə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə mülkiyyət sənədləri təqdim edilib. Rayon sakinləri özlərinə məxsus daşınmaz əmlakları - fərdi evlər, pay torpaqları, həyətyanı torpaq sahələri üzrə çıxarışlar əldə ediblər.

Eyni zamanda rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilən dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilən əmrlər, digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Kompaniya çərçivəsində bir sıra sakinlərdən mülkiyyətlərinin qeydiyyatdan keçirilməsi üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib.

Bundan başqa, vətəndaşlara məxsus həyətyanı sahələrdə və pay torpaqlarında baxış keçirilib, orada ərazi-ölçmə işləri də aparılıb. “Kütləvi çıxarış” kampaniyasından yararlananlar arasında apreldə cəbhə bölgəsində gedən döyüşlərin iştirakçıları da var. Belə ki, döyüşlərdə aldığı xəsarət nəticəsində əlil olan bir neçə hərbçiyə aid mülkiyyət sənədləri də evlərində təqdim olunub.

Qeyd edək ki, kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Nəticədə, əhaliyə məxsus pay torpaqlarının sərhədləri dəqiqləşəcək, bugünədək bu sahədə mövcud olan torpaq mübahisələri həll ediləcək və torpaqların real istifadəsi üçün imkan yaranacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi