​Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron və Xəzər rayonunda monitorinqlər aparıb

​Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron və Xəzər rayonunda monitorinqlər aparıb Azərbaycan üzrə 500-ə yaxın pozuntu halı aşkar edilib
İnfrastruktur
6 May , 2016 18:26
​Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron və Xəzər rayonunda monitorinqlər aparıb

Bakı. 6 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) torpaqların istifadəsi və mühafizəsinə nəzarət üzrə dövlət müfəttişləri tərəfindən Bakı və regionlarda torpaq monitorinqlərinin keçirilməsi davam etdirilir. 

“Report” Komitəyə istinadən xəbər verir ki, bu dəfə monitorinqlər torpaqların təyinatına zidd olaraq istifadəsi, zəbt olunması, qanunsuz hasarlanması,özbaşına tikintilərin aparılması və torpaq münbitliyinin korlanmasının qarşısının alınması ilə bağlı olub.

Abşeron və Bakının Xəzər rayonunun müxtəlif ərazilərində 59 hektara yaxın torpaq sahəsi müxtəlif şəxslər tərəfindən qanunsuz olaraq hasarlanıb, bəzisində təyinatına zidd olaraq tikinti işləri aparılıb. Bəzi hallarda vətəndaşlar və ya hüquqi şəxslər tərəfindən onlara məxsus torpaq sahəsinə dair hüquqi sənəddə göstərilən ölçülərdən əlavə olaraq həmin torpağın ətrafındakı sahələr də qanunsuz zəbt olunub. Hazırda bu torpaqlarda özbaşına tikintilər aparılır və ya təyinatına zidd başqa məqsədlər üçün istifadə edilir.

Monitorinqlər zamanı məlum olub ki, sənədlərdə göstərilən ölçülərdən əlavə 9 hektara yaxın torpaq sahəsi zəbt edilib və tikinti işləri aparılıb. Bu halların qarşısı alınıb, aparılan tikinti işləri tamamilə dayandırılıb. Qanunsuzluqlarla bağlı aktlar tərtib edilib, inzibati tədbirlər görülüb, cərimə və sanksiyalar tətbiq olunub.

Monitorinqlərin keçirilməsində əsas məqsəd torpaq ehtiyatlarından əsassız istifadə və ya torpaqların vətəndaşlar, hüquqi şəxslər tərəfindən uzunmüddətli istifadəsiz saxlanması hallarının qarşısını almaq, ondan səmərəli, məqsədli və qənaətli istifadəni təmin etməkdən ibarətdir.

Bu il ərzində qeyd olunan halların aradan qaldırılması ilə bağlı bir çox torpaq reydi və monitorinqləri keçirilib. Azərbaycan üzrə 500-ə yaxın pozuntu halı aşkar edilib. Bununla bağlı inzibati tənbeh vermə haqqında 170 qərar qəbul edilib, 950-yə yaxın hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq olunub, 230 halla bağlı isə inzibati protokol tərtib edilib.

Qeyd edək ki, belə tədbirlər torpaqların məqsədli dövriyyəsinə qaytarılması məqsədi daşıyır. Nəticədə belə sahələr yenidən iqtisadi dövriyyəyə qaytarılaraq gəlir mənbəyinə çevriləcək.

Son xəbərlər

Orphus sistemi