ƏMDK maarifləndirici işgüzar forumlar keçirib

ƏMDK maarifləndirici işgüzar forumlar keçirib Forumların məqsədi torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaqdır
İnfrastruktur
23 İyun , 2017 20:55
ƏMDK maarifləndirici işgüzar forumlar keçirib

Bakı. 23 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi torpaq idarəçiliyi sahəsindəki münasibətlərin tənzimlənməsi və torpaq inzibatçılığı ilə bağlı Qazax və Ağdaş rayonlarında maarifləndirici işgüzar forumlar keçirib.

Komitədən "Report"a verilən məlumata görə, forumların məqsədi torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində Komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbirlərdə dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyası, təyinatına zidd olaraq torpaq sahələrində tikintilərin aparılması barədə məsələlər izah olunub. Pay torpağı alan vətəndaşların xüsusi mülkiyyətlərində olan həmin torpaqlardan ümumiyyətlə istifadə etməməsi və ya təyinatına zidd istifadəsi barədə məsələlər müzakirə edilib. Qeyd olunub ki, Komitə torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə birgə işlər aparır. Torpaq təyinatına uyğun istifadə edilmədikdə istifadəçidən geri alınır, yenidən dövriyəyə qaytarılır.

Həmçinin bildirilib ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilir, monitorinqlər təşkil edilir. Monitorinqlər zamanı torpaq qanunvericiliyinin pozulmasına görə cərimələr tətbiq olunur. Diqqətə çatdırılıb ki, İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələrinə uyğun olaraq torpaq qanunvericiliyinin pozulmasına görə cəzalar sərtləşdirilib.

Növbəti belə maarifləndirici işgüzar forumlar Oğuz, Şamaxı, Cəlilabad, Salyan, Quba və Abşeron rayonlarında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi