"Elmlər Akademiyası"nda elektrik yarımstansiyası yenidən qurulub

"Elmlər Akademiyası"nda elektrik yarımstansiyası yenidən qurulub Yarımstansiya tam gücü ilə fəaliyyət göstərməyə hazır vəziyyətə gətirilib
İnfrastruktur
26 Noyabr , 2015 15:59
Elmlər Akademiyasında elektrik yarımstansiyası yenidən qurulub

Bakı. 26 noyabr. REPORT.AZ/ "Elmlər Akademiyası" metro stansiyasının ikinci giriş-çıxışı ilə yanaşı, burada yerləşən 6 saylı dartı-alçaldıcı elektrik yarımstansiyasının yenidən qurulması da həlledici mərhələdədir. Yarımstansiyanın yeni şərtlərlə qurulması, istismar müddəti başa çatmaq üzrə olan avadanlıqların yenilənməsi metropoliten xətlərinin bu mürəkkəb sahəsi üçün ən mühüm tədbirlərdən biridir. Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir. 

Belə ki, bu günə qədər 10 kV paylayıcı qurğuya gərginlik verilməklə, güc və işıqlanma transformatoru, 220 V və 380 V paylayıcı qurğu real güc altında yoxlanılıb. Beləcə dartı hissəsini çıxmaq şərtilə, digər bütün avadanlıqlar və qurğular işə qoşulub.

Yarımstansiyada 10 kV, 825 V, 380 və 220 V-luq paylayıcı qurğular, düzləndirici aqreqatlar, güc, işıqlandırma və SAT transformatorları, eləcə də sabit cərəyan, ventilyasiya, soyutma kimi avadanlıq və sistemlər artıq tam quraşdırılıb. Son mərhələdə 10 kV ana xətt, həmçinin elektrik paylayıcılarının xətləri çəkilib. Vestibül və kassa zalı səviyyəsində işıqlandırma tamamlanıb. Əsas çıxış kabellərinin çəkilməsi və yükpaylayıcı qurğulara qoşulması, akkumulyator gücləndiricilərinin qoşulması ilə yanaşı, eskalator, ventilyasiya, işçi və qəza işıqlanma dövrəsinin, həmçinin yarımstansiyanın daxili tələbat kabellərinin tam çəkilərək qoşulması başa çatdırılıb.

İşlərin son mərhələsi - ağır və məsuliyyətli dövrü qatarların hərəkətini təmin edən dartı sahəsinin istismara verilməsidir. Bu işin də ən məsul tərəfi hazırlıqla bağlı idi. Çünki bütün əməliyyat mükəmməl plan əsasında tərtib olunmalı, ən kiçik yanlışlığa da yol verilməməli idi. Buna görə də yarımstansiyanın bütün digər sahələri tam funksionallığı ilə fəaliyyətə gətirildikdən sonra bu həlledici mərhələyə keçilib.

Dartı sahəsinin qoşulmasının səlis şəkildə yerinə yetirilməsi məqsədilə məşqlər bir neçə gün davam etməklə müxtəlif mərhələlər əsasında həyata keçirilib və əməliyyat tam incələnib. Nəhayət, bir həftə ərzində qatarların hərəkətini təmin edən hissəsinin mərhələli qoşulması yerinə yetirilib. Real zaman şəraitində sınaqlar da uğurla başa çatdırıldıqdan sonra, yarımstansiya tam gücü ilə fəaliyyət göstərməyə hazır vəziyyətə gətirilib.

Son xəbərlər

Orphus sistemi