Ələt-Masallı avtomobil yolunda iki yeni körpü tikiləcək

Ələt-Masallı avtomobil yolunda iki yeni körpü tikiləcək Bu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində icra olunacaq
İnfrastruktur
21 Noyabr , 2015 13:26
Ələt-Masallı avtomobil yolunda iki yeni körpü tikiləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC  Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yaxın günlərdə Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad (km 80+600 – 110+700 ) hissəsinin yenidən qurulması işlərinə start verəcək.

Cəmiyyətdən "Report"a verilən məlumata görə, I texniki dərəcəyə uyğun olaraq inşa ediləcək Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin uzunluğu 30,1 km-dir. 4 hərəkət (4x3,75 metr) zolağından ibarət olacaq avtomobil yolunda ayrıcı zolağın eni 4 metr təşkil edəcək.

Layihəyə uyğun olaraq yeni salınacaq yolun çiyinlərinin eni 2x3,75 metr ( 2x0,75m asfalt örtük, 2x3,0m hissəsi ikiqat bituma hopdurulmuş qırmadaş) olmaqla, yolun ümumi eninin 26,5 metr olması nəzərdə tutulub.

Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin torpaq geyiminin qalınlığı 96 sm təşkil edəcək. Bura 50 sm seçilmiş torpaq layı, 15 sm əsasın qırmadaş layı, 18 sm asfaltın birinci layı, 8 sm asfaltın ikinci (əlaqələndirici) layı və 5 sm üst aşınma layı daxildir.

Layihə üzrə yolda iki avtomobil körpüsünün tikintisi aparılacaq. Körpülərdən biri Ələt-Masallı avtomobil yolunun 99-cu kilometrliyində Muğanxolu çayı üzərində inşa ediləcək. 4 aşırımdan ibarət körpünün uzunluğu 130,6 m olacaq. İkinci körpü yolun 110,8-ci kilometrliyində Cəlilabad yol qovşağında tikilməsi nəzərdə tutulub. Bu körpü isə 4 aşırımlı olmaqla uzunluğu 79 m olacaq.

Bundan başqa, yolboyu 79 dairəvi borunun, 10 düzbucaqlı su borusunun və 6 düzbucaqlı alt keçidin inşasının aparılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi