Ələt limanındakı bərələr təmir olunacaq

Ələt limanındakı bərələr təmir olunacaq Təmirdən sonra üzən emalatxananın yedək gəmisi ilə Ələtə aparılması gözlənilir
İnfrastruktur
7 Yanvar , 2017 10:28
Ələt limanındakı bərələr təmir olunacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ “Bibiheybət” Gəmi Təmiri Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus üzən emalatxananın təmirinə başlanılıb. Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib. 

Məlumata görə, təmir başa çatdıqdan sonra üzən emalatxananın yedək gəmisi ilə Ələtə - yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılması gözlənilir.

“Transxəzər” Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin vaxtında daşınması üçün fəaliyyətdə olan bərələrin Ələt limanında operativ təmirinə zərurət yaranıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara veriləndən sonra “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə daşınan yüklərin həcmində də artım proqnozlaşdırıldığından Gəmiçiliyin rəhbərliyi üzən emalatxananın təmirinə qərar verib.

Üzən emalatxana Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq gəmilərə operativ xidmət göstərməyə imkan verəcək. Bununla da, gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Belə ki, əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında həyata keçirilən cari təmir işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.

Müasir standartlara cavab verəcək üzən emalatxanada gəmilərin təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək. Burada işçi heyətin yaşayışı üçün də zəruri hər şey nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət otağı ilə yanaşı, üzən qurğuda“AXDG” QSC-nin internet və lazımı avadanlıqlarla təchiz edilən stasionar ofisi də fəaliyyət göstərəcək.

“AXDG” QSC-nin sədri Rauf Vəliyev 24 saat növbəlilik qrafiki ilə icra edilən təmir prosesi ilə yaxından tanış olub. O bildirib ki, təmir işləri plana uyğun aparılır: “Təmirin yanvarın sonunda başa çatdırılacağı nəzərdə tutulub”.

Hazırda emalatxanın yerləşəcəyi ərazidə Gəmiçiliyin sifarişi ilə “Caspian Marine Services” şirkəti dibdərinləşdirmə işləri görür. İşin gedişatı ilə maraqlanan QSC-nin sədri limanın nümayəndələri ilə də görüşüb.

Son xəbərlər

Orphus sistemi