Yuxarı

Əhməd Əhmədzadə: "Meliorasiya və su təsərrüfatı sahəsində bir çox layihələrin həyata keçirilməsinə başlanılıb"

Şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 mln. kubmetr su verilməsi üçün tikinti işləri davam etdirilərək

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Dövlət başçısının diqqəti və köməyi sayəsində son illər meliorasiya və su təsərrüfatı sahəsinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, bir çox layihələr artıq başa çatdırılıb, bəzi layihələr uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılıb”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan” qəzetinə müsahibəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

Onun sözlərinə görə, 2003-2015-ci illərdə mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sahənin maddi-texniki bazası gücləndirilib: "Eyni zamanda 2 mindən artıq maşın və mexanizmlər alınıb, 3475 km suvarma kanallarının, 2022 km kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilib. Bununla belə, 284,8 min ha sahədə suvarılan torpaqların su təminatı və 217,9 min ha sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 42,7 min ha yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1194 subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1 min kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi, hündürləşdirilməsi işləri həyata keçirilib. Hər il 11-12 min km suvarma kanallarında 3-3,5 min km kollektor-drenaj şəbəkələrində 50-55 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılır. Bu istiqamətdə 2000-2015-ci illərdə suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində 723,5 mln. kubmetr təmizləmə, çay məcralarında 197,7 mln. kubmetr tənzimləmə işləri yerinə yetirilib".

Ə.Əhmədzadə qeyd edib ki, mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay su anbarının qülləli suburaxıcı qurğusunda, Ağstafaçay sağ və sol sahil magistral kanallarında, Muğan və Samurçay hidroqovşaqlarının aşağı byefində, Türyançay hidroqovşağında, Yuxarı Qarabağ kanalının İncəçay çayı ilə kəsişməsindəki sutullayıcı qurğusunda, Yuxarı Şirvan kanalının Türyançay və Girdmançay dükerlərində, Şəmkir maşın kanalının I və II pillə nasos stansiyalarında, Göygöl rayonunda Gəncəçay baş suqəbuledici qurğusunda bərpa və yenidənqurma işləri həyata keçirilib: "Eyni zamanda sözügedən işlər Zərdab, Kürdəmir, Ağsu, İmişli, İsmayıllı, Yevlax, Şamaxı və Xızı rayonlarının ərazisindəki nov kanallarda, ayrı-ayrı rayonların qış otlaq sahələrində yerləşən boru kəmərlərində dağ çaylarında mövcud kilometrlərlə daş-beton mühafizə bəndlərində, suvarma kanallarında və bir sıra digər obyektlərdə də əsaslı təmir işləri aparılıb. Taxtakörpü su anbarının tikintisi ilə əlaqədar 30 min hektara yaxın yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin sürətləndirilməsi üçün 2015-ci ildə Xızı rayonunda ümumi 7111 ha (5400 ha yeni suvarılan), Siyəzən rayonunda isə 3204 ha (2539 ha yeni suvarılan) sahədə meliorativ tədbirlər başa çatdırılıb. Bu da yeni istifadəyə veriləcək 7939 ha sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan yaradıb. Eyni zamanda şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 mln. kubmetr su verilməsi üçün tikinti işləri davam etdirilərək, Caqacuqçay, Qudyalçay və Qusarçay çaylarında bu işlər tamamlanıb. Növbəti illərdə isə daha 3 çayda bu işlər davam etdiriləcək”.

“Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihə olan Şəmkirçay su anbarının su elektrik stansiyası ilə birgə istifadəyə verilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, 17 min ha yeni suvarılan sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun əlavə içməli su ilə təmin olunması və ildə 56 milyon kvt elektrik enerjisinin istehsal edilməsi mümkün olacaq. Eyni zamanda 2015-ci ildə Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq istifadəyə verilib. Bu kanallardan Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, Goranboy rayonunun 26 min hektara (ondan 8,3 min hektar yeni suvarılan torpaqlar) yaxın torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə uzunluğu 27,9 km olan Şəmkir maşın kanalının 2-ci növbəsinin tikinti işlərinə başlanılıb”, - deyə Ə.Əhmədzadə vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi