Yuxarı

Dövlət uşaq müəssisələrini tərk edənlərin işlə təmin olunmasına yardım göstəriləcək

Bununla bağlı üç dövlət qurumu arasında saziş imzalanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanda gənclərin məşğulluq imkanlarını artırmağa, onların kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirlərə dəstək veriləcək.

“Report”un xəbərinə görə, bu, Azərbaycan Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün bağlanan Baş Kollektiv Sazişdə əksini tapıb.

Tərəflər hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və innovasiyalı inkişafı ixtisaslı işçilərə tələbatı formalaşdırmalı, yüksək məhsuldarlıqla, təhlükəsiz əmək şəraiti və layiqli əməkhaqqı ilə səciyyələnən səmərəli iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır. Bu proseslər əhalinin məşğulluğu və insan resurslarının inkişafı sahəsində məqsədyönlü dövlət siyasəti ilə və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı şəraitində əmək və məşğulluq sahəsində dövlət siyasətinin səmərəliliyinin artırılması, beynəlxalq standartlara və milli prioritetlərə əsaslanaraq qanunvericiliyin təkmilləşdirilmək, əmək bazarının təhlili məqsədi ilə mövcud informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, informasiya sisteminə əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə elementlərin daxil edilməsi, əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması, müasir tələblərə cavab verən rəqabətədavamlı kadr potensialının formalaşdırılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, peşə standartlarının, o cümlədən təlim standartlarının hazırlanması, dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, əmək miqrasiyasının səmərəliliyinin artırılması dəstəklənməlidir.

Bununla əlaqədar tərəflər mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə əsaslanaraq səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş institusional islahatları müəyyən etməklə, Məşğulluq Konsepsiyasının layihəsini hazırlamaq, ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq, sosial tərəfdaşların əmək qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətini gücləndirmək, məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən icbari sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirmək, əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək, işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədi ilə əsassız olaraq müddətli müqavilələrin bağlanmasına yol verməmək, gənclərin, sosial müdafiə və xüsusi qayğıya ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən əhali qruplarının, əmək bazarına inteqrasiya olunmasının dəstəklənməsi istiqamətində işləri davam etdirmək, valideyn himayəsindən məhrum olub, dövlət uşaq müəssisələrində yaşayan uşaqların oranı tərk etdikdən sonra iş yeri ilə təmin olunmasına köməklik göstərmək, ölkə və regionlar üzrə məşğulluq proqramlarının tam həcmdə maliyyələşdirilməsini təmin etmək və bu məqsədlər üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək, mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək, əhalinin, xüsusilə işaxtaran və işsiz vətəndaşların məlumatlandırılması istiqamətində reklam-informasiya işini genişləndirmək, yeni yaradılmış iş yerləri haqqında təfsilatlı informasiya bazasını yaratmaq və geniş ictimaiyyətə çatdırmaq, əmək bazarının məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün qiymətləndirilməsi məqsədi ilə iqtisadi zonalar üzrə təhlil işlərini davam etdirmək, ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin tələbə və şagirdlərinə əmək qanunvericiliyinin əsasları üzrə mühazirələr oxunmasını təşkil etmək, məşğulluq məsələləri üzrə ölkə regionlarında yaradılmış əlaqələndirmə komitələrinə köməklik göstərmək, əmək resurslarının daxili ərazi mobilliyini həvəsləndirən stimullar sisteminin gücləndirilməsi sahəsində məsləhətləşmələr aparmaq öhdəliyini götürüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi