​Dövlət Statistika Komitəsində Meksika səfiri ilə görüş keçirilib

​Dövlət Statistika Komitəsində Meksika səfiri ilə görüş keçirilib Görüşdə Meksika Statistika İnstitutu ilə Azərbaycan Dövlət Statistika Komitəsi arasında əlaqələrin yaradılmasının məqsədəuyğun olduğu vurğulanıb
İnfrastruktur
5 Aprel , 2016 14:21
​Dövlət Statistika Komitəsində Meksika səfiri ilə görüş keçirilib

Bakı. 5 aprel. REPORT.AZ/ Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini və konsulluq şöbəsinin köməkçisi Kamran Mərdanovu qəbul edib. 

“Report” Statistika Komitəsinə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, iki ölkənin statistika orqanları arasında əməkdaşlığın qurulması və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir iki ölkə arasında qarşılıqlı əməkdaşlığa və yaxınlaşmaya xidmət edən oxşar cəhətlərə malik milli mədəniyyət və iqtisadiyyatın olduğunu qeyd edib. R.Labardini ölkələrinin iqtisadiyyatında statistikanın rolundan, son dövrlərdə Meksika iqtisadiyyatının, o cümlədən ümumi daxili məhsulun, xarici ticarət əlaqələrinin, kənd təsərrüfatının, həmçinin digər sahələrin inkişafı barədə məlumat verib.

T.Budaqov iki ölkə arasında münasibətlərin təməlinin Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən qoyulduğunu vurğulayıb. Komitə sədri Azərbaycanın 1995-ci ildən başlayaraq sosial-iqtisadi inkişafını xarakterizə edən statistik rəqəmlər, iki ölkə arasında ticarət əlaqələrinə dair göstəricilər, idxal-ixrac məhsullarının strukturu və s. barədə məlumat verib.

R.Labardini Azərbaycan statistikasının əhatə etdiyi iqtisadiyyat sahələri haqqında məlumat əldə etmək istədiyini deyib: “Son dövrlərdə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə islahatlar aparılır, Azərbaycanda statistika iqtisadiyyatın bütün sahələrini əhatə edir”.

Hər iki tərəf gələcəkdə Meksika Statistika İnstitutu ilə Azərbaycan Dövlət Statistika Komitəsi arasında əlaqələrin yaradılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi