​Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

​Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
İnfrastruktur
9 İyun , 2016 15:41
​Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının (DB) dövlət sektoru üzrə baş mütəxəssisi Qreqori Kisunko ilə görüşüb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, DB-nin Azərbaycan üzrə  meneceri Larisa Leşçenko, Bankın iqtisadçısı Moritz Meyer, dövlət sektoru üzrə aparıcı mütəxəssisi Amitahba Muxerci və baş əməliyyatlar üzrə məsləhətçisi Səidə Bağırlının iştirak etdiyi görüşdə Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

T.Budaqov milli statistika sisteminin təkmilləşdirilməsi, Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən danışıb: “Dayanıqlı iqtisadi inkişafa nail olunmasında və onun saxlanılmasında dəqiq statistikanın xüsusi əhəmiyyəti var. Komitə tərəfdaş ölkələr, eyni zamanda beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir”.

DB-nin dövlət sektoru üzrə baş mütəxəssisi Q.Kisunko Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini yüksək qiymətləndirdiyini deyib: “İki qurum arasında əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür”.

Görüşdə nəzərdə tutulan işlərin yerinə yetirilməsi, qarşıda duran məsələlərin, planlaşdırılan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, iki qurum arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi