Yuxarı

​Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin başçıları yeni Bakı limanında mövcud vəziyyətlə tanış olublar

Rəsmilər Qazaxıstan və Türkmənistan istiqamətində hərəkət etmək üçün növbə gözləyən yük avtomobillərinin sürücüləri ilə söhbət ediblər

Bakı. 24 dekabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin QuliyevDövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində mövcud vəziyyətlə tanış olublar. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov qurum rəhbərlərinə limanın fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra gömrük və sərhəd xidmətlərinin rəhbərləri limanda Qazaxıstan və Türkmənistan istiqamətlərində hərəkət etmək üçün növbə gözləyən yük avtomobillərinin sürücüləri ilə söhbət edib, onları narahat edən məsələlərlə maraqlanıblar.

Yük avtomobillərinin sürücüləri bərə çatışmazlığı səbəbindən yaranan növbələr və vaxt itkisinə görə narahatlıqlarını ifadə ediblər. Sürücülər Qazaxıstanın Aktau limanında bərələrdən yüklərin boşaldılması və sənədləşmə proseslərinə həddən artıq vaxt sərf olunduğunu da qurum rəhbərlərinin diqqətinə çatdırıblar.

E.Quliyev və A.Əliyev qeyd olunan məsələnin həll edilməsi üçün araşdırma aparılacağını və tezliklə lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Sonra limanın buraxılış məntəqələrində gömrük və sərhəd nəzarətinin vəziyyətilə maraqlanan aidiyyəti qurumların rəhbərləri işin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar veriblər. Daha sonra limanda yüklərin daşındığı bərələrə baxış keçirilib, kompleksin mövcud potensialı və son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin həllinə dair fikir mübadiləsi aparılıb.

Sonda adı çəkilən rəhbər şəxslər liman kompleksi ərazisindəki buraxılış məntəqələrinin piyada keçid xəttində vəziyyətlə də tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi