​Dövlət Şəhərsalma və Arxitektura Komitəsində toplantı keçirilib

​Dövlət Şəhərsalma və Arxitektura Komitəsində toplantı keçirilib Bakıda binaların söküləcəyi ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsi daha məqsədəuyğun hesab edilir
İnfrastruktur
4 Mart , 2016 18:42
​Dövlət Şəhərsalma və Arxitektura Komitəsində toplantı keçirilib

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Xəzər və Pirallahı rayonlarının İcra Hakimiyyətinin başçıları və müavinləri, o cümlədən həmin rayonların baş memarlarının iştirakı ilə toplantı keçirilib.

“Report” Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən bildirir ki, toplantıda çıxış edən Komitənin sədri Abbas Ələsgərov qeyd edib ki, toplantının keçirilməsində əsas məqsəd dövlət başçısının sərəncamının icrası ilə bağlı müzakirələr aparmaq və Komitə tərəfindən metodiki yardım göstərilməsini təmin etməkdir: “Burada əsas məqsəd sahibkarlar üçün maneələrin aradan qaldırılmasıdır. Bu da gələcəkdə yeni iş yerlərinin yaradılması deməkdir. Sahibkarlar isə öz növbəsində şəhərsalma və tikinti normalarına riayət etməlidirlər. Bu sahədə müəyyən problemlər mövcuddur. Bunlar əsasən tikintinin sıxlığı və tikinti əmsalına riayət olunmamasıdır. Ən yüksək sıxlıq Nəsimi rayonunda müşahidə olunur. Bununla əlaqədar olaraq söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsi daha məqsədəuyğundur". 

"Planlaşdırma işləri üçün 1 hektardan 7 hektaradək ərazinin ayrılması tövsiyə olunur. Yaşayış binalarının tikinti layihələrində mənzillərin havalandırılması və işıqlandırılması qaydaları pozulur, bəzən tikilən binaların 4 divarına cəmi 1 pəncərə düşür, mərtəbələrdə mənzillərin sayı isə 8-dən çoxdur və mərtəbənin yaşayış sahəsi yol verilən normadan artıqdır. Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?! Bunlara daha icazə vermək olmaz”, - deyə Komitə vurğulayıb.

Sədr toplantı iştirakçılarına müraciət edərək bildirib ki, müfəssəl planların hazırlanması ilə bağlı Komitə hər cür yardım göstərməyə hazırdır. O vurğulayıb ki, ərazi planlaşdırma sənədlərinin hazırlanması sadələşdirilməklə onların qiymətləri əhəmiyyətli dərəcədə azaldılacaq.

Daha sonra ərazi planlaşdırma sənədləri, müfəssəl planlar barədə nümunələr, o cümlədən Bakı şəhəri üçün işlənilən ərazi planlaşdırma sənədləri barədə təqdimat nümayiş olunub və bu sənədlərlə bağlı geniş məlumatlar toplantı iştirakçılarının diqqətinə çatıdırılıb. Nümunə üçün şəhərin Nizami rayonunun ərazisində 5,9 ha ərazini təşkil edən sökülməsi nəzərdə tutulan məhəllənin ərazi planlaşdırılması layihə təklifi də nümayiş olunub. Bu ərazi planlaşdırılması layihəsində sökülməsi nəzərdə tutulan binalar ilə yanaşı mövcud binaların perspektiv inkişafı fonunda ərazinin tikinti sıxlığı və tikinti əmsalı, mərtəbəliliyi, abadlaşdırılması və s. öz əksini tapıb.

Toplantıda Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi