Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil etməsi gözlənilir

Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil etməsi gözlənilir Proqram ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaq
İnfrastruktur
13 İyul , 2017 18:14
Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil etməsi gözlənilir

Bakı. 13 iyul. REPORT.AZ/ Prezident İlham Əliyevin iyulun 13-də təsdiqlədiyi “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda bir sıra mühüm məqsəd və vəzifələr müəyyənləşdirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, pambıqçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, pambıqçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, pambıqçılığın infrastruktur təminatının yaxşılaşdırılması, pambıq istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi nəzərdə tutulub. Həmçinin pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması, pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, pambıqçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, pambıqçılıq məhsullarının ixracının təşviqi, pambıqçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi, pambıqçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi və pambıqçılıqda kooperasiyanın inkişaf etdirilməsi kimi vəzifələr də qarşıda duran əsas məqsədlər sırasındadır.

Proqrama əsasən qabaqcıl idarəetmə təcrübəsinin, intensiv becərmə-suvarma texnologiyalarının tətbiqi hesabına xam pambıq istehsalının artırılması və bu sahədə səmərəliliyin təmin edilməsi, pambıqçılığın müasir texnika ilə təminatının yaxşılaşdırılması, pambıq istehsalında növbəli əkin sisteminin tətbiq edilməsi, rayonlar üzrə pambığın optimal əkin sahəsinin müəyyənləşdirilməsi və ixtisaslaşmanın dərinləşdirilməsi, mövcud pambıq emalı müəssisələrinin fəaliyyətinin bərpası və modernləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, mütərəqqi texnika və texnologiyalar əsasında yeni pambıq emalı müəssisələri yaradılmasının dəstəklənməsi, dərin emal məhsulları istehsalının təşviqi, yeni pambıq emalı məhsulları hesabına ixracın genişləndirilməsi, dünya pambıq bazarında müşahidə edilən konyunktur dəyişikliklərinin, o cümlədən kimyəvi liflərin tekstil sənayesində istifadəsinin genişlənməsinin nəzərə alınması, pambıq toxumçuluğu təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi və lifsiz toxum istehsalının təşkili üzrə tədbirlər həyata keçiriləcək.

Dövlət Proqramı üzrə tədbirlərin icrası dövlət büdcəsi, büdcədənkənar fondlar, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri, yerli və xarici investisiyalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Proqramın həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaq.

Eyni zamanda, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaq.

Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil etməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi