Dövlət Komitəsinin sədri: "İndiyədək hərraclarda 700-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb"

Dövlət Komitəsinin sədri: "İndiyədək hərraclarda 700-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb" Kərəm Həsənov "Özəlləşdirmə portalına indiyədək daxil olan istifadəçilərin sayı 400 mini ötüb"
İnfrastruktur
28 Yanvar , 2017 14:22
Dövlət Komitəsinin sədri: İndiyədək hərraclarda 700-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov yanvarın 28-də Goranboy rayonunda vətəndaşları qəbul edib. 

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, qəbulda Goranboyla yanaşı Bərdə və Yevlax rayonlarından olan sakinlərin müraciətlərinə də baxılıb.

Vətəndaşlar Dövlət Komitəsinin sədrinə dövlət əmlakını özəlləşdirmək, hərrac prosedurları, daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı müraciətlərini ünvanlayıblar. Bəzi vətəndaşlar hərraclar yolu ilə özəlləşdirilən müəssisə və obyektlərin, eləcə də qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə müraciətlərini çatdırıblar.

Hərrac prosedurlarından danışan K.Həsənov bildirib ki, vətəndaşlar keçirilən açıq və şəffaf hərraclar yolu ilə rahat şəkildə əmlaka yiyələnə bilirlər: "Bundan ötrü komitənin elektron resursu olan özəlləşdirmə portalı üzərindən sifariş vermək yetərlidir. Hərracda qalib olan şəxs aldığı əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı da qısa zamanda əldə edə bilir". 

K.Həsənov bir neçə vətəndaşın onların istifadəsində və ya icarəsində olan əmlakı özəlləşdirmək barədə müraciətlərini nəzərdən keçirərək müvafiq məsələlərin həlli ilə bağlı tapşırıq verib: "İndiyədək keçirilən 15-dək özəlləşdimə hərraclarında 700-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb. Hərraclara olan maraq isə öz növbəsində hərracların rəqabətli keçməsini təmin edir. Özəlləşdirmə portalına indiyədək daxil olan istifadəçilərin sayı 400 mini ötüb".

Qəbul zamanı bir neçə vətəndaş mənzillərin, pay torpaqlarının, fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi, əmlakla bağlı digər qeydiyyat xidmətləri ilə bağlı müraciətlərini səsləndiriblər.

Dövlət Komitəsi sədrinin qəbulda verdiyi tapşırıqlar nəticəsində bir sıra müraciətlər operativ həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri tərəfindən keçirilən belə vətəndaş qəbullarının qarşıdakı aylarda digər şəhər və rayonlarda da təşkili davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi