Dövlət Komitəsi: ​Torpaqdan qanunsuz istifadə ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq

Dövlət Komitəsi: ​Torpaqdan qanunsuz istifadə ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq İndiyədək ölkə üzrə 4 500-ə yaxın torpaq sahəsində monitorinq aparılıb
İnfrastruktur
4 Dekabr , 2015 15:31
Dövlət Komitəsi: ​Torpaqdan qanunsuz istifadə ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq

Bakı. 4 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Azərbaycanda torpaq sahələrindən qanunsuz istifadə və icazəsiz tikinti halları ilə bağlı aparılan monitorinqlər davam etdirilir.

Komitədən "Report"a bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evi və digər obyektlərin qanunsuz tikintisi, torpaqların təyinatının dəyişdirilməsi, dövlət torpaqlarının zəbt olunması hallarına çox rast gəlinir: "Azərbaycanda dövlət, bələdiyyə və özəl mülkiyyətdə olan torpaq sahələri var. Torpaqların daha səmərəli və əsaslı idarə olunmasına nəzarət Komitənin prioritet vəzifələrindən biridir. Hazırda Komitənin müfəttişləri tərəfindən kənd təsərrüfatı təyinatlı, əkin, pay, fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan torpaqların təyinatına uyğun istifadəsi ilə bağlı monitorinq aparılır".

Qeyd edilib ki, bu günə qədər ölkə üzrə 4 500-ə yaxın torpaq sahəsində monitorinq aparılıb: "Torpaqların qanunla müəyyən edilmiş qaydalara zidd istifadə halları ilə bağlı monitorinqin nəticəsində qanunsuz mənimsənilmə halları aşkarlanıb, toplanılan məlumatlar aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına təqdim olunacaq. Torpaq sahələrində qanunsuz tikilən ev və obyektlərin sökülməsi və müsadirə işlərinə isə artıq adiyyəti orqanlar nəzarət edəcək".

Komitədən bildirilib ki, torpaqların təyinatı üzrə istifadə edilməməsi bir çox problemlər yaradır: "Dövlət mülkiyyətində olan meşə, kənd təsərrüfatı üçün əlverişli münbit torpaqlarının üst qatının daşınması hallarına da çox rast gəlinir. Əkin üçün nəzərdə tutulan torpaqların üst qatı şəxsi məqsədlər üçün rayonlardan Bakıya daşınır və bu, ciddi qanun pozuntusu sayılır. Bu kimi halların baş verməməsi üçün vətəndaşları maarifləndirmək lazımdır. Komitə hazırda bu məsələ ilə də bağlı reydləri davam etdirir".

Ən mühüm məsələlərdən biri vətəndaşların qanunvericiliklə qadağan edilən xüsusi mühafizə zonalarında yerləşən (magistral yollar, dəmir yolları, neft və qaz boru kəmərləri, dəniz sahili, yüksək gərginlikli xətlər və s.) dövlət və ya digər mülkiyyətdə olan torpaqlarda qanunsuz şəkildə evlərin tikilməsidir: "Vətəndaşlar anlamalıdır ki, bu cür yerlərdə evlərin inşası ilk növbədə onların həyatı üçün təhlükədir. Prezidentin imzaladığı müvafiq sərəncam dövlət mülkiyyətində olan torpaqların istifadəsi, icarəyə verilməsi və satılması ilə bağlı məsuliyyəti sistemləşdirib. Bu sistem torpaqların daha səmərəli istifadəsi, qorunub saxlanılması üçün daha əlverişli şərait yaradacaq".

Qeyd edək ki, dövlət başçısının müvafiq sərəncamı ilə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya 2 il müddətinə azadlıqdan məhrum etmə, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi