Yuxarı

Dövlət Komitəsi Azərbaycan məhsullarının keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər hazırlayır

Bu gün başlıca fəaliyyət istiqaməti yerli məhsulların istehsalında müasir standartların tətbiq edilməsidir

Bakı. 10 noyabr.REPORT.AZ/ "Azərbaycanın dünya bazarında möhkəmlənməsi üçün məhsullarımızın istehsalında müasir təcrübənin tətbiqi ilə bağlı tədbirlər həyata keçirməyi planlaşdırırıq".

Bunu "Report"a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı bildirib. Onun sözlərinə görə, komitə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun və Prezident İlham Əliyevin fərmanına uyğun olaraq bütün yoxlamaları dayandırıb: "Bu gün başlıca fəaliyyət istiqaməti yerli məhsulların istehsalında müasir standartların tətbiq edilməsidir".

F.Talıblı qeyd edib ki, komitə bununla bağlı təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək: "Təkliflər layihəsində bütün mühüm məsələlər də yer alacaq. Hazırda keyfiyyət və nəzarət sisteminin beynəlxalq təcrübəyə əsaslanaraq təşkili məqsədilə komitə tərəfindən təkliflər hazırlanır. Ancaq təkliflərin hazırlanmasının nə zaman yekunlaşacağı dəqiq məlum deyil. Eyni zamanda, komitənin hazırlayacağı təkliflərdə yoxlamaların hansı dövlət qurumu ilə birgə həyata keçiriləcəyi də hələlik müəyyən edilməyib”.

O əlavə edib ki, biznes mühitinin inkişafı müasir standartların tətbiqi əsasında baş verir: "Biz sahibkarlıq sahəsində köhnə sovet standartları ilə fəaliyyət göstərməyə davam etsək, yerli məhsullarımız heç vaxt xarici bazara çıxa bilməyəcək. Müasir tələblər əsasən insan sağlamlığının və dövlətin ümumi maraqlarının qorunmasına xidmət edir. Xarici məhsulların istehsalında tətbiq edilən standartlar məhsulun uzun müddət saxlanmasına imkan verir. Lakin hazırda Azərbaycanda istifadə olunan standartlar məhsulun uzun müddət saxlanmasına imkan vermir. Məhsulların saxlama müddəti azdır, bu da bizə dünya bazarında möhkəmləndirməyə imkan vermir”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi