Dövlət əmlakının icarə haqlarının ödənilməsində yenilik edilib

Dövlət əmlakının icarə haqlarının ödənilməsində yenilik edilib İcarəçilər icarə haqlarını artıq "paypoint"da da ödəyə biləcəklər
İnfrastruktur
27 Aprel , 2016 12:09
Dövlət əmlakının icarə haqlarının ödənilməsində yenilik edilib

Bakı. 27 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakını icarəyə götürən şəxslər tərəfindən icarə haqqı borclarının ödənilməsində yenilik edib və ödəmə imkanlarını daha da genişləndirib.

“Report” Komitəyə istinadən xəbər verir ki, əvvəllər yalnız bank və internet üzərindən ödənilməsi mümkün olan icarə haqlarını artıq icarəçilər ölkənin istənilən nöqtəsində olan ödəmə məntəqələrində (“paypoint”) ödəyə biləcəklər. Bu yenilik Komitənin mövcud informasiya sisteminin Mərkəzi Bank tərəfindən yaradılan Hökumət Ödəniş Portalına inteqrasiyası nəticəsində tətbiq edilib.

"Dövlət əmlakının icarəçisi istənilən ödəmə məntəqəsinə yaxınlaşmaqla icarə haqqı borcu barədə məlumatı əldə edə və müvafiq ödənişi həyata keçirə bilər. Bu, bank və ya kompüter-internet imkanlarının olmadığı yerlərdə xüsusilə əlverişlidir. Bununla yanaşı, icarəçi borcu ödəmək üçün banka müraciət etmək və ya plastik kart vasitəsilə internet üzərindən ödənişi həyata keçirmək imkanına da malikdir", - deyə məlumatda bildirilir.

Hazırda dövlət əmlakının icarəsi üzrə aylıq ödənişlərin həm Komitənin elektron xidmətlər portalından (www.e-emdk.gov.az), həm Hökumət Ödəniş Portalından (www.e-gov.az), həm də müxtəlif ödəmə məntəqələrindən aparılması mümkündür. 

Qeyd edək ki, Komitə istifadəçilərə 31 elektron, 2 onlayn və 3 SMS xidmət təqdim edir. Bu 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.

Son xəbərlər

Orphus sistemi