Yuxarı

Dövlət başçısı: “İstifadəsiz torpaqlara qarşı müəyyən mexanizmlər tətbiq edilməlidir”

“Biz imkan verə bilmərik ki, bu torpaqlar uzun illər istifadəsiz qalsın”

Bakı. 10 Aprel. REPORT.AZ/ “Rayonlarda kifayət qədər istifadəsiz torpaq sahələri var. Biz bu məsələ ilə də ciddi məşğul olmalıyıq”.

“Report”un xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Onun sözlərinə görə, “burada həm inzibati tədbirlər, eyni zamanda, stimullaşdırıcı tədbirlər görülə bilər”.

“Torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlar özlərini daha da məsuliyyətlə aparmalıdırlar. Əgər o torpaqlardan istifadə etmirlərsə, onda müəyyən mexanizmlər tətbiq edilməlidir. Biz imkan verə bilmərik, - hələ ki, özümüzü ərzaq məhsulları ilə tam təmin etməmişik, - bu torpaqlar uzun illər istifadəsiz qalsın. Mən bu vəzifəni də qarşıya qoyuram. Burada həm yerli, həm mərkəzi icra orqanları birgə işləməlidirlər”, - deyə prezident qeyd edib.

İlham Əliyev eyni zamanda bildirib ki, yerlərdə sahibkarlara tam şərait yaradılmalıdır.

"Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Yerli icra orqanları bu şəraiti yaratmalıdırlar. Yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətini ilk növbədə o bölgələrdə, o rayonlarda iqtisadi inkişafın templəri müəyyən edəcək. Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır. Yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq", - deyə dövlət başçısı söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi