Yuxarı

Daşkəsəndə dağılmış körpü və yol bərpa edilib

Təmir-bərpa işləri zamanı körpü demək olar ki, sökülərək yenidən tikilib

Bakı. 5 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda bir müddət öncə aramsız yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir.

Metal konstruksiyadan ibarət körpünün uzunluğu 10 metr, hündürlüyü 8 metr, eni isə 3,5 metr idi. Körpünün dayaqları qaya daşlarından inşa edildiyi üçün bəzi hissələri dağılmış vəziyyətdə olub.

Artıq təmir-bərpa işləri zamanı körpü demək olar ki, sökülərək yenidən tikilib. Dayaqlar və hərəkət hissə dəmir-beton, aşırım hissə isə metal konstruksiyalarla yenidən inşa edilib. Körpünün eni 3,5 metrdən 6 metrə qədər genişləndirilib. 24 poqon metr uzunluğunda təkərqaytaranlar və dəmir mühəccərlər quraşdırılıb.

Körpünün bərpa olunması ilə vətəndaşların rahat gediş-gəlişi təmin olunub.

Daşkəsən-Xoşbulaq yolunun 5-ci km-də də selin yaratdığı fəsadlar aradan qaldırılıb. Yol daha təhlükəsiz əraziyə doğru genişləndirilib. Genişləndirilmiş hissənin uzunluğu təqribən 100 metrdir.

Avtomobil yolunun altından suların axıdılması üçün ikigözlü, 12 poqon metr uzunluğunda və 1 500 mm diametrində boru quraşdırılıb.

Qeyd edək ki, sel suları bir müddət bundan öncə avtomobil yolunun bir hissəsini və iki ədəd su borusunu sıradan çıxarmışdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi