Yuxarı

​Çindən Azərbaycana daha bir qatar gələcək

Yük daşıyan qatar bu dəfə Türkiyəyə qədər hərəkət edəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabr ayının sonunda Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə ikinci konteyner qatarının Bakıya gəlməsi nəzərdə tutulur. "Report"un əldə etdiyi məlumata görə, Uzaq Şərqdən (Şanxay, Çin) gələcək qatar bu dəfə Gürcüstanın Poti limanına, oradan isə Türkiyəyə keçəcək.

Belə ki, inşası davam edən Bakı-Tbilisi-Ahalkalaki-Qars dəmir yolu açılana qədər konteyner qatarları Türkiyəyə keçmək üçün Poti limanından istifadə edəcəklər. Birinci sınaq konteyner qatarının son duracağı Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Ticarət Limanı olub.

Xatırladaq ki, avqustun 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin və Gürcüstanın təşəbbüsü ilə bu ölkələrin ərazilərindən keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Ticarət Limanına gəlib.

Həmin qatar 82 ədəd 20 tonluq konteyner daşıyıb və daşınan yük kaustik soda olub. Bu təyinatlı yüklər əvvəllər alternativ marşrutla 25-40 gün müddətinə Bəndər-Abbas (İran) və Poti (Gürcüstan) limanları ilə daşınırdı. Yeni Transxəzər Nəqliyyat Marşrutu üzrə yüklərin daşınma müddəti Çindən Ələt limanına qədər təqribən 6 gün çəkib.

Bu layihə tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, yükdaşıma həcmlərinin artırılması məqsədilə rəqabətədavamlı dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqini nəzərdə tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi