Yuxarı

Ceyranbatan anbarına su ötürən kanalın üzərindəki yol 30 sm çöküb

Azəravtoyol ASC əraziyə baxış keçirib

Bakı. 29 aprel. REPORT.AZ/ "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) Xaçmaz-Quba magistralının 2-ci kilometrliyində, "Xan arxı"ı su kanalının üzərində çökmənin müşahidə edildiyi əraziyə baxış keçirib və həmin hissəyə asfalt döşəyib.

Cəmiyyətin əməkdaşı Sadıq İsmayılov "Report"a açıqlamasında bildirib ki, bu məsələnin yol tikintisinə heç bir aidiyyəti yoxdur: "Biz çökmüş asfaltın üzərinə yenidən asfalt tökdük. Ancaq bu, həll yolu deyil. Bu məsələ ilə Xaçmaz Su-Kanal İdarəsi məşğul olmalıdır. Biz onların işinə qarışa bilmərik. Bununla bağlı Bakıdan mütəxəssislər - "Azərsu" ASC-nin nümayəndələri də gələrək əraziyə baxıblar və yolun həqiqətən əvvəlki vəziyyətindən 30 sm çökdüyünü bildiriblər. Əgər hansısa bir tədbir görülməsə, ağır tonnajlı maşınlar yolu dağıdacaq və su kanalının daşması ilə nəticələnəcək".

Xatırladaq ki, Armudpadar kəndi ərazisindən və Xaçmaz-Quba magistralının alt hissəsindən keçən "Xan arxı" ilə uzun illərdir Ceyranbatan su anbarına su ötürülür və artıq 15 gündür kanalın üzərindəki yolda çökmə müşahidə olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi