Yuxarı

Cəlilabad rayonunda yol tikintisinə 1,9 milyon manat ayrılıb

Prezident Ilham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bakı. 30 iyul. REPORT.AZ/ Prezident Ilham Əliyev Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İyirmi üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,9 milyon (bir milyon doqquz yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi