​Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi yekunlaşır"

​Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi yekunlaşır" "Azərbaycan Dəmir Yolları"nın sədri regional layihənin gedişatı haqda məlumat verib
İnfrastruktur
13 Oktyabr , 2015 10:43
​Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi yekunlaşır

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars" (BTQ) dəmir yolu xəttində aparılan tikinti işləri artıq yekunlaşmaq üzrədir. Bu layihə regiondan Türkiyə vasitəsilə Avropa ilə əlaqə üçün yeni imkanlar açacaq.

"Report" xəbər verir ki, layihə haqda jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

""Bakı-Tbilisi-Qars" dəmir yolu xəttində tikinti işləri artıq tamamlanır. Ötən ilin sonunda dəmir yolu xətti ilə ilk istismar qatarı buraxılıb. Məlum olduğu kimi Gürcüstan və Türkiyə sərhədində olan 4 kilometr uzunluğunda tunel artıq açılıb. Bu tunel sərhəddə dəmir yolu xətlərinin birləşməsinə mane olan yeganə sədd idi. Hazırda həmin ərazidə dəmir yolu xətlərinin birləşdirilməsi üzərində işlər də tamamlanmaq üzrədir", - deyə C. Qurbanov qeyd edib.

Xatırladaq ki, BTQ dəmiryol xətti layihəsi 68 km-i Türkiyə ərazisindən, 30 km-i Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstruksiyası daxil olmaqla, 98 km uzunluqda Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə tutur.

Artıq sentyabrda İsveçrədə “Azərbaycan Dəmir Yolları” sifarişi ilə və gələcəkdə "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib. Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq. Müqaviləyə əsasən, 2016-cı ilin iyul-avqust aylarında ilk on vaqonun istismara buraxılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi