Bakı. 16 mart. REPORT.AZ/ Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2015-ci ilin yanvar-fevral ayları ərzində 33,2 mln. ton yük daşınıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-neft yüklərinin həcmi 2,8% artaraq 22,5 mln. tona çatıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 52,8%-i avtonəqliyyat, 32,3 %-i boru kəməri, 10,7%-i dəmir yolu, 4,2%-i dəniz nəqliyyatı vasitələrilə həyata keçirilib. Qeyri-dövlət bölməsində yük daşınması 3,1% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 73,7% təşkil edib.Yanvar-fevral aylarında nəqliyyatçılar 283,8 mln. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1%-i avtomobil,12,7%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.
Dəmir yolu nəqliyyatı ilə yük daşınması cari ilin iki ayında ötən ilin müvafiq dövrü ilə müayisədə 18,5% artaraq 3,6 mln. ton olub. Orta hesabla sutkada 459 vaqon yüklənib, 516 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,0 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton və Cənub istiqaməti üzrə 2,3 min ton yüklənmə işi yerinə yetirilib. Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 1,4 mln. ton təşkil edib. Yüklərin 69,3%-i neft yükləri, 30,7%-iisə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib. Cari ilin iki ayında dəniz limanlarında 1,9mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib. İşlənmiş yüklərin 94,6%-i təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 0,2% artıb. 2015-ci il martın 1-nə limanlarda göndərilmək üçün 21,1 min ton idxal yüklərin qalığı olub.
Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 17,5 mln. ton yük, 247,1 mln. sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6% və 3,7% artım qeydə alınıb. Sərnişinlərin 96,5%-i avtobus, 3,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,6%, sərnişin dövriyyəsi isə 3,8 % artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 6,2% artaraq 36,1 mln. nəfər olub. Hava nəqliyyatı ilə 231,0 min və ya 3,0% çox sərnişin daşınıb, daşımanın 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 28,0% artaraq 16,0 min tona çatıb.