Aparılan təmir işləri ilə əlaqədar bu gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.
Məhdudiyyət 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərinfən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər.