Bu il Xırdalan və Qazax şəhərlərində su təchizatı layihələrinin icrasına başlanılacaq

Bu il Xırdalan və Qazax şəhərlərində su təchizatı layihələrinin icrasına başlanılacaq Zərdabda Kür çayından saniyədə 3 kubmetr su götürmək üçün sugötürücü qurğu və nasos stansiyası tikiləcək
İnfrastruktur
13 Fevral , 2017 19:38
Bu il Xırdalan və Qazax şəhərlərində su təchizatı layihələrinin icrasına başlanılacaq

Bakı. 13 fevral. REPORT.AZ/ “Azərsu” ASC-nin 2016-cı il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

ASC-dən "Report"a verilən xəbərə görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov sədri deyib ki, 2016-cı ildə qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, sosial və infrastruktur layihələrinin icrası davam etdirilib, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılıb.

ASC sədrinin sözlərinə görə, 2016-ci ildə “Azərsu” tərəfindən 1 mln. 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib: "İl ərzində istehlakçılara 639 mln. kubmetr su satılıb. Hesabat dövründə 745 km içməli su, 435 km kanalizasiya xətləri çəkilib, 15 ədəd su anbarı tikilib, 26 subartezian quyusu qazılıb, 116 min sayğac quraşdırılıb. Görülən işlər nəticəsində 143 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6%-ə, ölkə üzrə 65,6%-ə yüksəlib”.

Q.Hüseynov bildirib ki, hazırda Gədəbəy, Daşkəsən, Xaçmaz, Qobustan, Şamaxı, Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələrinin inşası yekunlaşmaq ərəfəsindədir: "Azərsu” 2016-cı ildə Ağcabədidə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin, Şəki şəhərində həyata keçirilən layihənin növbəti mərhələsinin icrasına başlanılıb. Hesabat dövründə 23 kənd və qəsəbədə görülən işlər nəticəsində 30 minədək sakinin içməli su problemi həll edilib. Hesabat dövründə Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilib. Nizami rayonunda 25 km şəbəkə və məhəllədaxili xətt yenidən qurulub, 16,6 min sayğac quraşdırılıb. Nərimanov rayonunda isə 54 nasosxananın fəaliyyəti dayandırılıb, 23 min nəfər fasiləsiz su ilə təmin olunub".

ASC sədri iclasa yekun vuraraq qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. O vurğulayıb ki, 2017-ci ildə Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq: "Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici qurğuları tikiləcək. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə yeni layihələr həyata keçiriləcək. Zərdab rayonu ərazisində Kür çayından saniyədə 3 kubmetr su götürmək üçün sugötürücü qurğu və nasos stansiyası tikiləcək, 15 km uzunluğunda kəmər çəkiləcək. Artıq bu istiqamətdə tikinti-quraşdırma işlərinə başlanılıb. Hacıqabul rayonunun Talış kəndindəki təmizləyici qurğunun imkanlarından istifadə etməklə Padarçöl ərazisinə 27 km xətt tikiləcək".

Q.Hüseynov məcburi köçkünlərə şamil olunan güzəştlərin vahid müavinətlə əvəzlənməsindən irəli gələn məsələlərin qısa müddətdə həll edilməsi, debitor borcların azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması sahəsində ciddi tədbirlərin görülməsi barədə tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi