Yeni yaradılmış Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) 1-ci mərhələsi respublikanın şəhər və rayon mərkəzlərini özündə əks etdirməklə artıq başa çatdırılıb.
Onun sözlərinə görə, hazırda ÜRİS-in 2-ci mərhələsi olan kənd yaşayış məntəqələrinə ünvanların verilməsi və sistemə daxil edilməsi işləri görülür: “Ölkədə beynəlxalq qaydalara uyğun qurulmuş ünvan sahəsində də yenilik olan “Ünvan portalı” cari ildə də vətəndaşların xidmətindədir”.
O bildirib ki, torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur: “Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək. Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Çıxarışların 1 iş günü müddətində verilməsi vətəndaşların əmlaklarını qeydiyyata almaq marağını artırır. Bu ilin 6 ayında ölkə üzrə 112 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb”.