Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanın Dövlət bayrağı altında üzən gəmilərdə 1 365 uyğunsuzluq halı aşkarlanıb

    Bakı. 25 dekabr. REPORT.AZ/ 2017-ci il ərzində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 140 gəmidə, xarici dövlətlərin bayrağı altında üzən 59 gəmidə geniş nəzarət yoxlaması həyata keçirilib.

    “Report” xəbər verir ki, bu barədə Dövlət Dəniz Administrasiyasının 2017-ci il ərzində görülən işlərə dair hesabatında qeyd olunub.

    Aparılan yoxlamalar nəticəsində Azərbaycanın Dövlət bayrağı altında üzən gəmilərdə, ümumilikdə, 1 365 uyğunsuzluq halı aşkar edilib. Bu uyğunsuzluqlardan 811-i “Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın (SOLAS), 333-ü “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın (STCW), 156-sı “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”nın (MARPOL), 7-si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”nın (COLREG) və 58-i digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olub. 

    Eyni zamanda beynəlxalq konvensiyalar üzrə xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə, ümumilikdə, 466 uyğunsuzluq halı aşkar edilib. Həmin uyğunsuzluqlardan 370-i “Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın (SOLAS), 27-si “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”nın (MARPOL), 35-i “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”nın (ICLL), 3-ü “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”nın (COLREG) və 29-u digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olub. Uyğunsuzluqların aradan qaldırılmasına nəzarət edilərək bütün uyğunsuzluqların aradan qaldırılmasına nail olunub.

    Qeyd edilən dövr ərzində Azərbaycanın dəniz limanlarına 16 219 gəminin girişi və 16 259 gəminin çıxışı rəsmiləşdirilib, həmçinin 3 624 gəmi jurnalı təsdiq edilərək təhvil verilib, xarici dövlətlərin bayrağı altında üzən 1 418 gəmiyə bələdçi xidməti göstərilib.

    Bundan əlavə, Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən 13 175 gəmi izlənərək keçirilib, gəmilərə 788 hava haqqında məlumat və 1 164 fırtına xəbərdarlığı ötürülüb, eləcə də 440 gəminin yedəkləmə əməliyyatı nəzarətə götürülərək təhlükəsiz yedəklənməsi əməliyyatı yerinə yetirilib. Həmçinin gəmilərdə xəstə olan dənizçilərlə bağlı 5 məlumat daxil olub və gəmilərdən həmin dənizçilərin sahilə təxliyyə edilməsi təşkil edilərək müvafiq tədbirlər həyata keçirilib. Eyni zamanda Azərbaycanın ərazi sularında yerləşən və dəniz limanlarına gedən dəniz kanallarından, farvaterlərdən, tövsiyə yollarından kənarlaşma halları aşkar edilib və qəza hallarının baş verməsinin qarşısı alınaraq 4 gəminin hərəkət istiqamətinin koordinasiyası təmin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi