Yuxarı

Bu il Azərbaycanda əsas kapitala sərmayə qoyuluşu 4% artıb

Bu vəsaitin 64%-i məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub

Bakı. 16 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7 925,6 mln. manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, istifadə edilən vəsaitin 5 096,2 mln. manatı və ya 64,3%-i məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitin 4 707,8 mln. manatını daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma islərinin yerinə yetirilməsinə sərf olunan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 5 833,5 mln. manat təşkil edib. Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-iyun aylarında 870,4 min kv. metr yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4 908 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kV-luq “Ağ səhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kV-luq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel” hoteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində beton zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəs avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliusağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” hoteli kimi obyektlər istifadəyə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi