Bu il Azərbaycanda daha 3 şəhərin içməli su və kanalizasiya problemi tam həll olunacaq

Bu il Azərbaycanda daha 3 şəhərin içməli su və kanalizasiya problemi tam həll olunacaq Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanda içməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdiriləcək. Bu il ən azı üç şəhərin içməli su və kanalizasiya problemi tam həll olunacaqdır. Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərində işlərin, layihələrin tamamlanması nəzərdə tutulur.
İnfrastruktur
30 Yanvar , 2018 09:16
Bu il Azərbaycanda daha 3 şəhərin içməli su və kanalizasiya problemi tam həll olunacaq

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanda içməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdiriləcək. Bu il ən azı üç şəhərin içməli su və kanalizasiya problemi tam həll olunacaqdır. Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərində işlərin, layihələrin tamamlanması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.

“Bununla paralel olaraq, daha 20 şəhərdə içməli su və kanalizasiya layihələri icra ediləcək. İl ərzində baxarıq, bəlkə, bu şəhərlər arasında da bu il başa çatacaq layihələr ola bilər. Giriş sözümdə qeyd etdiyim kimi, fasiləsiz su ilə təmin olunan əhali 67 faizdir, Bakı şəhərində 81, bölgələrdə 43. Bu məsələni həll etmək üçün, eyni zamanda, çaylarboyu yerləşən kəndlərdə müasir sutəmizləyici qurğuların tikintisi nəzərdə tutulur. Əvvəlki illərdə də belə layihələr icra edilib və çaylarboyu yerləşən kəndlərdə yüz minlərlə əhali bu imkanlardan faydalanıb. Bu il də bu layihələrin icrası nəzərdə tutulur və ən azı 300 subartezian quyusu qazılmalıdır. Vətəndaşlar bundan həm məişətdə, həm də kənd təsərrüfatında istifadə edirlər”, - dövlət başçısı qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, bu il azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir: “Beləliklə, biz 2017-2018-ci illərdə 200 mindən çox hektara suyun təminatını təşkil edəcəyik. Bir neçə önəmli kanal layihələri icra ediləcəkdir. Dövlət İnvestisiya Proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Dövlət İnvestisiya Proqramında bu məsələ ilə bağlı olan bütün layihələr ilin sonuna qədər icra edilməlidir. Meliorativ tədbirlərin yaxşılaşdırılması və sudan səmərəli istifadə edilməsi üçün pivot suvarma sistemlərinin geniş tətbiqi təmin olunmalıdır. Bu məqsədlə ölkəmizdə pivot qurğularının istehsalı təşkil olunur ki, artıq xaricə vəsait getməsinin qarşısını alaq və özümüzü bu qurğularla özümüz təmin edək. Fermer təsərrüfatlarında, xüsusilə böyük aqroparklarda bu sistemlərdən mütləq istifadə olunmalıdır. Çünki bu, məhsuldarlığı böyük dərəcədə artırır və sudan səmərəli istifadə olunmasına imkan yaradır”.

Son xəbərlər

Orphus sistemi