Bu il 5 rayonda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi tamamlanacaq

Bu il 5 rayonda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi tamamlanacaq Bakı. 10 iyul. REPORT.AZ/ Meliorasiya və su təsərrüfatı sahəsi son 15 ildə böyük inkişaf yolu keçib. Belə ki, sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artıb, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi, 2 minə yaxın subartezian quyusunun qazılması hesabına su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmış torpaq sahələri xeyli artıb, yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.
İnfrastruktur
10 İyul , 2018 08:16
Bu il 5 rayonda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi tamamlanacaq

Bakı. 10 iyul. REPORT.AZ/ Meliorasiya və su təsərrüfatı sahəsi son 15 ildə böyük inkişaf yolu keçib. Belə ki, sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artıb, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi, 2 minə yaxın subartezian quyusunun qazılması hesabına su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmış torpaq sahələri xeyli artıb, yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib".

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.

O bildirib ki, bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın coğrafiyasını dəyişən və ölkənin su təhlükəsizliyində strateji əhəmiyyət kəsb edən Taxtakörpü və Şəmkirçay kimi iri su anbarları mühüm rol oynayıb. Bu günə qədər bu anbarlara 3 milyard kubmetrə yaxın toplanmış su müxtəlif məqsədlər üçün istifadəçilərə verilib.

"Cari ildə daha 100 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi barədə tapşırıqların icrası olaraq suvarma kanallarının, nasos stansiyalarının tikintisi, yenidən qurulması, bərpası işləri və digər meliorativ tədbirlər hazırda uğurla həyata keçirilir.

Taxtakörpü su anbarı zonasında Xızı, Siyəzən və Şabran rayonlarında ötən illərdə suvarma suyu ilə təmin edilmiş 22 min hektar yeni suvarılacaq torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir. Cari ildə isə Şabran rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər başa çatdırılacaq. Hazırda “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, Xızı rayonunda isə 436 hektar sahədə salınmış zeytun və badam bağları suvarma suyu ilə təmin edilib.

Şəmkirçay su anbarı zonasında isə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişməsində keçid qurğusunun və kanalın 5 kilometrlik hissəsinin, eləcə də Goranboy və Samux rayonlarının ərazilərində yaradılmış aqroparklara məxsus torpaq sahələrinə suvarma suyunun verilməsi üçün boru kəmərinin və su hovuzunun tikintisi cari ildə başa çatdırılıb", - deyə o əlavə edib.

ASC sədrinin sözlərinə görə, gələcəkdə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin son 14 kilometrlik hissəsinin tikintisi və onun əsas su mənbəyi olan Kür çayı üzərindəki nasos stansiyalarının suvermə qabiliyyətinin artırılması ilə Goranboy rayonunun daha 10 min hektara yaxın torpaq sahəsinə suvarma suyunun çatdırılması mümkün olacaq.

Əhməd Əhmədzadə bildirib ki, Cəbrayıl rayonunun erməni qəsbkarlarının işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinin 400 hektar torpaq sahəsi, ona qonşu ərazidə yerləşən Füzuli rayonunun isə 280 hektar torpaq sahəsi Araz çayından suvarma suyu ilə təmin edilib.

"Kür çayından Sabirabad rayonunun 16851 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün “H” kanalının və nasos stansiyasının tikintisi tamamlanıb, digər suvarma kanallarında tikinti işləri davam etdirilir. Bu layihənin icrası ilə Biləsuvar rayonunun 1600 hektar yeni torpaq sahələri də suvarma suyu ilə təmin ediləcəkdir. Neftçala rayonunun 12400 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Neftçala magistral kanalının son 11 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb və hazırda nasos stansiyalarının hidromexaniki avadanlıqlarla təmin edilməsi işləri aparılır. Hacıqabul rayonunda meliorativ tədbirlər davam etdirilməklə 2700 hektar, Yuxarı Mil kanalının tikintisi işləri davam etdirilərək Ağcabədi rayonunda 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq", - deyə o bildirib.

Sədr qeyd edib ki, cari ildə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsinin 8740 hektar torpaq sahəsini suvarma suyu və əhalini içməli su ilə təmin etmək üçün qazılacaq 300 subartezian quyusunun 175-ində qazma işləri tamamlanıb, qalanlarında isə iş ilin sonuna qədər başa çatdırılacaq.

"Dünya Bankının krediti ilə respublikanın 5 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib. Cari ilin sonuna bu işlərin tamamlanması nəzərdə tutulur", - deyə Əhməd Əhmədzadə söyləyib.

Son xəbərlər

Orphus sistemi