​Binəqədi rayonunda daha iki küçənin təmirinə başlanılıb

​Binəqədi rayonunda daha iki küçənin təmirinə başlanılıb Rayonun Ağasadıq Gəraybəyli küçəsində bu işlərə artıq start verilib
İnfrastruktur
25 Noyabr , 2015 14:27
​Binəqədi rayonunda daha iki küçənin təmirinə başlanılıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Uzun müddətdir təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Bakı şəhərinin Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində təmir-tikinti işlərinə başlanılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən küçənin uzunluğu 600 metr, ortalama eni isə 20 metrdir. Artıq küçədə köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınıb və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. İki qat olmaqla ümumilikdə küçənin 12,9 min kv. metr sahəsinə yeni asflat-beton örtüyü döşənəcək.

A.Gəraybəyli küçəsində köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri isə artıq yekunlaşdırılıb. Yolboyu zəruri olan yerlərdə təqribən 980 paqon metr yeni səki daşı düzülüb. Bundan başqa, təmir işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.

Analoji işlər Səttar Bəhlulzadə küçəsində də aparılır. Təmir-tikinti işləri küçənin Atatürk prospekti və A.Gəraybəyli küçələri arasında yerləşən hissəsində aparılır. Bu ərazinin ümumi uzunluğu 350 metr, ortalama eni isə 18 metrdir. Sözügedən ərazidə artıq 500 paqon metr köhnə səki daşları yeniləri ilə əvəzlənib. Küçə yeni asfalt beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Burada ümumilikdə 6 min kv. metr əraziyə ikiqat yeni asfalt-beton örtüyü döşənəcək.

Qeyd edək ki, sözügedən küçələrdə təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, köhnə yeraltı kommunikasiya xətləri (su, istilik, qaz, elektrik və rabitə) yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

Hər iki küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq. “Azəryolservis” tərəfindən aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Küçələrdə təmir işləri aparılan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə mədudlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi