Binəqədi-Novxanı-Corat avtomobil yolu 4 zolaqlı olacaq - VİDEO

Binəqədi-Novxanı-Corat avtomobil yolu 4 zolaqlı olacaq - VİDEO Yol 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəlişdən ibarət olacaq
İnfrastruktur
24 Yanvar , 2017 11:16
Binəqədi-Novxanı-Corat avtomobil yolu 4 zolaqlı olacaq - VİDEO

Bakı. 24 yanvar. REPORT.AZ/ Binəqədi-Novxanı-Corat avtomobil yolu tikilir. Bu avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya məruz qalmış və dağılmış hissələr yaranıb. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, bundan başqa, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.

Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 km-lik hissəsi artıq hazırdır. Bu hissə tam olaraq asfaltlanıb, 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Hazırda digər hissələrdə yol boyu maneələr sökülür, kommunikasiya xətləri köçürülür, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, genişləndirilmiş ərazilərə də daxil olmaqla karbonat materialı tökülərək yenidən kipləşdirilir və yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə, yolun 170 min kv. metr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunur, həmçinin Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 metrdən 12,5 metrə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması nəzərdə tutulub.

Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaq.

Son xəbərlər

Orphus sistemi