Binə qəsəbəsinin əsas küçələrindən biri təmir olunur -FOTO - VİDEO

Binə qəsəbəsinin əsas küçələrindən biri təmir olunur -FOTO - VİDEO Eyni zamanda küçənin yolları da yenidən qurulur
İnfrastruktur
22 İyul , 2016 11:20
Binə qəsəbəsinin əsas küçələrindən biri təmir olunur -FOTO - VİDEO

Bakı. 22 iyul. REPORT.AZ/ Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində Əli İsazadə küçəsinin ( “Südçülük sovxozu” deyilən əraziyə gedən yol) yenidən qurulmasına başlanılıb. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, uzun müddətdir təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan yolun uzunluğu 4,5 km-dir. Yolun həm də ensiz olması avtonəqliyyat vasitələrinin hərəkətində xeyli çətinliklər yaradırdı.

Bütün bunlar nəzərə alınaraq Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 22 metrə qədər genişləndirilir. 4 hərəkət zolaqlı olması nəzərdə tutulan yolun hərəkət hissəsinin eni 1 metr enində ayrıcı zolaq da daxil olmaqla 17 metr olacaq. Yol boyu hər iki itiqamət üzrə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2 metr enində piyada səkiləri tikilir.

Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi də qurulacaq. Bundan başqa, layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılacaq.

Hazırda yolda kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri görülür, yol yatağı və yol əsasının tikintisi işləri aparılır. Bu işlərə paralel olaraq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə 80 min kv. m əraziyə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Bütün işlər yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi