Biləsuvarda avtomobil yolunun tikintisi başa çatıb

Biləsuvarda avtomobil yolunun tikintisi başa çatıb Tikilən avtomobil yolunun uzunluğu 6 km-dir
İnfrastruktur
25 Avqust , 2016 12:04
Biləsuvarda avtomobil yolunun tikintisi başa çatıb

Bakı. 25 avqust. REPORT.AZ/ “Azəravtoyol” ASC Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikinti işlərini yekunlaşdırıb.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a verilən məlumata görə, Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib. 

Layihəyə uyğun olaraq sözügedən yolun hərəkət hissəsinin eni 9 m, hərəkət zolaqlarının eni 3,75 m, çiyinlərin eni 3 m, torpaq yatağının eni isə 15 metrdir. Yolda eninə maillik hərəkət hissəsində 2%, çiyinlərdə isə 4%-dir. Əsasın alt layı - optimal çınqıl qarışığı, qalınlığı 24 sm, əsasın üst layı optimal qırmadaş qarışığı, qalınlığı 16 sm və asfalt-beton örtük 3 laydan ibarət qalınlığı 25 sm olmaqla yol geyiminin konstruksiyasının qalınlığı 65 sm təşkil edir.

Layihəyə əsasən yolun 1,68 km-də Balhari çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 m olan avtomobil körpüsü inşa edilib. Bundan başqa, 7 yerdə ümumi uzunluğu 170 m olan dairəvi boru, 3 yerdə düzbucaqlı ümumi uzunluğu 73 m olan boru, 2 yerdə ümumi uzunluğu 47 m olan düzbucaqlı su keçidi,həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib.

Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə18 780 m uzunluğunda yol cizgi və yol göstərici xətləri çəkilib, zəruri olan yerlərdə 30 işıq dirəyi, 186 ədəd yol təhlükəsizlik dirəkləri, 94 ədəd müxtəlif yol nişanları quraşdırılıb, həmçinin tikinti sahəsinə düşən 376 m qaz və su borusunun köçürülməsi işləri aparılıb.

Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisində əsas məqsəd M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə, R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir.

Eyni zamanda sözügedən yol vasitəsi ilə 10 mindən artıq əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də avtonəqliyyat xidməti təmin ediləcək.

Qeyd edək ki, bundan əvvəl bu yaşayış məntəqələrinə avtonəqliyyatın hərəkəti ancaq Biləsuvar şəhərinin daxili yolları vasitəsi ilə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi