Yuxarı
    Bağlamaq

    Beynəlxalq yarışlarla əlaqədar Bakıda sukanal idarələrinin qəza xidmətləri fasiləsiz işləyəcək

    Bununla bağlı “Azərsu” ASC-nin sədri tapşırıq verib

    Bakı. 1 may. REPORT.AZ/ Bakıda mayın 12-22-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı “Azərsu” ASC-də toplantı keçirilib. Cəmiyyətdən "Report"a daxil olan məlumata görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, son illər nüfuzlu beynəlxalq təbirlərə və idman yarışlarına ev sahibliyi edən Bakı şəhərində mayda İslam Həmrəyliyi Oyunları, iyunda isə "Formula 1" yarışları keçiriləcək: “Bu mötəbər yarışların 2015-ci ildə keçirilmiş I Avropa Oyunları və 2016-cı ildə keçirilmiş "Formula 1" yarışlarındakı kimi yüksək səviyyədə təşkilini təmin etmək üçün digər təşkilatlar kimi “Azərsu” ASC-nin də qarşısında mühüm vəzifələr durur. Verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək üçün səhmdar cəmiyyətin müvafiq struktur bölmələri tərəfindən mühüm tədbirlər görülüb və bu sahədə işlər davam etdirilməkdədir. Ötən illərdə keçirilmiş tədbirlərdə qazanılmış təcrübədən istifadə etməklə işlər operativ qaydada yerinə yetirilməli, idman, ictimai-iaşə obyektləri və mehmanxanalar keyfiyyətli içməli su ilə təmin edilməlidir”.

    IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar “Azərsu” ASC-də yaradılmış komissiyanın sədri, sədrin birinci müavini Teyyub Cabbarov mütəmadi olaraq komissiyanın iclaslarının keçirildiyini xatırladaraq görülmüş işlər barədə məlumat verib. “Oyunların keçirilməsi ilə əlaqədar Bakı Sukanal, rayon sukanal idarələrinin rəhbərlərinə hidrotexniki qurğuların, su və kanalizasiya xətlərinin, quyu və barmaqlıqların vəziyyəti ilə bağlı ətraflı araşdırmaların aparılması, görüləcək təmir işləri və digər tədbirlər barədə komissiyaya məlumat verilməsi tapşırılıb. Qısa müddətdə hər bir rayon üzrə təhlillər aparılıb, hidrotexniki qurğuların və şəbəkələrin vəziyyəti, görülməli işlər barədə məlumat əldə olunub. Eyni zamanda Bakı şəhəri üzrə 3 ixtisaslaşmış qəza briqadalarının yaradılması və oyunların keçiriləcəyi günlərdə onların, eləcə də rayon sukanal idarələrinin qəza xidmətlərinin fasiləsiz fəaliyyət göstərmələri üçün lazımi tədbirlər görülüb. Həmin günlərdə xidmət göstərəcək maşın, xüsusi texnika və avadanlıqların texniki vəziyyəti qiymətləndirilib, lazım olan ehtiyat hissələri, mal və material tədarük olunub. Bunlarla yanaşı, cəmiyyətin mütəxəssisləri tərəfindən idman obyektlərinin və qurğularının su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti bir daha yoxlanılıb.

    Mərkəzi Laboratoriyanın səyyar laboratoriya kimi fəaliyyət göstərən nəqliyyat vasitələrindən istifadə olunmaqla 100-dən çox obyektdən su nümunələri götürülərək analiz olunub. Yarışların keçiriləcəyi günlərdə “Azərsu” ASC-nin inzibatı binasında 24 saat fəaliyyət göstərən qərargah işləyəcək, eyni zamanda yerlərdə növbətçilik təmin olunacaq.

    İclasda çıxış edən Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov, Xəzər rayon Sukanal İdarəsinin rəisi Mübariz Nəsirov, Səbail rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov, “Sutikinti” müəssisəsinin rəisi Səid Salayev IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat veriblər.

    “Azərsu” ASC-nin sədri Q.Hüseynov ixtisaslaşmış briqadaların peşəkar kadr, maşın-mexanizm və avadanlıqlarla tam komplektləşdirilməsi, lazımi anbar ehtiyatlarının yaradılması ilə bağlı əlavə tədbirlərin görülməsi, mərkəzi idarə aparatında və yerlərdə növbətçiliyin, həmçinin şəhərdə avtomobil sıxlığının tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq işçilərin pilləli iş rejiminin təmin olunması barədə tapşırıqlar verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi