Sabah Bakıda Beynəlxalq Su Həftəsi çərçivəsində beynəlxalq konfrans işə başlayacaq

Sabah Bakıda Beynəlxalq Su Həftəsi çərçivəsində beynəlxalq konfrans işə başlayacaq Su Həftəsi çərçivəsində tədbirlər davam edir
İnfrastruktur
14 Mart , 2017 20:40
Sabah Bakıda Beynəlxalq Su Həftəsi çərçivəsində beynəlxalq konfrans işə başlayacaq

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün "Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Bakı şəhərində I Bakı Beynəlxalq Su Həftəsi işinə başlayıb. Həftə çərçivəsində Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illik yubileyi də qeyd olunur.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, həftənin ilk günü tədbir iştirakçılarının Şollar su mənbəyinə, Taxtakörpü su anbarına, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunub.

“Azərsu”nun sədri Qorxmaz Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Dünya Su Şurasının prezidenti Benedito Braqa, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin layihə rəhbəri Uilyam Lindleyin nəslinin nümayəndələri, Su Həftəsində iştirak etmək üçün Azərbaycana gələn xarici qonaqlar, elm adamları və mütəxəssislər səfərdə iştirak ediblər.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olan qonaqlara kompleks haqqında geniş məlumat verilib. Bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadasının keyfiyyətli və dayanıqlı içməli su təchizatına hesablanan kompleks 2011-2015-ci illərdə tikilib: "Məhsuldarlığı saniyədə 6,6 kubmetr olan kompleksdə 5280 ədəd membran tipli süzgəc quraşdırılıb. Kompleks 2016-cı ildə Abu Dabidə keçirilən Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib".

Səfər çərçivəsində qonaqlar Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarında da olublar. Qeyd edilib ki, 2013-cü ildə istifadəyə verilən Taxtakörpü su anbarının ümumi su tutumu 270 mln. kubmetrdir: "Anbarda toplanan sudan elektrik enerjisinin alınması, içməli, texniki və suvarma suyu kimi istifadə olunur".

Xaçmaz rayonu ərazisində yerləşən Şollar su mənbəyi ilə tanış olan qonaqlara layihə barədə ətraflı məlumat verilib: "Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksi Abşeron yarımadasının içməli su təchizatı üçün yaradılan ilk infrastrukturdur. Bu layihənin icra olunmasında xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və məşhur mühəndis Uilyam Lindleyin müstəsna xidmətləri olub".

Qonaqların diqqətinə çatdırılıb ki, Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar su mənbəyində, kəmərin marşrutu boyu ərazilərdə bina və qurğularda əsaslı təmir, abadlıq, yaşıllaşdırma işləri aparılıb: "Bu məqsədlə Şollar mənbəyində suqəbuledici kamera əsaslı təmir olunub. Bu işlər 20 əlahiddə baxış quyusunda, 18 artezian baxış quyusunda, 13 aralıq suqəbuledici kameralarda və 24 çay keçidlərində aparılıb. Su mənbəyində və kəmərin marşrutu boyu müxtəlif məntəqələrdə 15 mühafizə binası tikilib və yenidən qurulub. Kompleksin müxtəlif təyinatlı bina və qurğularının yerləşdiyi ərazilərdə 22 min kv.m asfalt, 1850 kv.m tamet, 8250 kv.m qənbər daşı döşənib, 1470 poqonometr bordür düzülüb. Şollar su mənbəyi ərazisində Hacı Zeynalabdin Tağıyevin xatirəsinə ucaldılan abidə bərpa olunub".

Qeyd edək ki, I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində tədbirlər davam edir. Sabah “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayacaq.

Son xəbərlər

Orphus sistemi