Bakı. 24 aprel. REPORT.AZ/ Bakı şəhərində yaxın vaxtlarda sərnişindaşıma xidmətləri göstərməyə başlayacaq "BakuBus" MMC-nin ilkin mərhələdə paytaxt mərkəzində 16 marşrut üzrə işləməsi gözlənilir. Belə ki, yaxın gələcəkdə Bakı şəhər İcra Hakimiyyətinin balansında olan "BakuBus"ın gətirdiyi yeni avtobuslar şəhər mərkəzində, ətrafda isə "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin avtobusları işləyəcək.
"Report"un əldə etdiyi məlumata görə, yeni avtobusların marşrut sxemləri artıq işlənilib və
"BakuBus"ın mərkəzdə nəzərdə tutulan 16 marşrutunda sırf yeni alınan "Iveco" markalı avtobuslardan istifadə ediləcək.
Qeyd edək ki, təklif edilən marşrutlar sırasında "Koroğlu" metro stansiyasından şəhərin mərkəzi istiqamətində, "Azadlıq" metro stansiyasından "Elmlər Akademiyası" metro stansiyası istiqamətində işləyənlər var.
İlkin təkliflərə görə, qəsəbələrin kənarından şəhər mərkəzinə gələn marşrutlar, məsələn, 1 nömrəli marşrut üzrə hər iki şirkətin avtobusları fərqli nörmələrlə işləyəcək. Belə ki, Əhmədli qəsəbəsindən gələn sərnişinlər "Koroğlu" metro stansiyasına hazırkı mövcud avtobuslardan, oradan şəhər mərkəzinə isə "BakuBus"ın yeni avtobuslarından istifadə edəcək. Bu, ancaq 16 marşrut üzrə belə olacaq, qalan marşrutlar isə öz fəaliyyətini davam etdirəcək.