​Bakıya yeni avtobuslar gətirilib

​Bakıya yeni avtobuslar gətirilib Bu avtobuslardan ictimai nəqliyyatda istifadə ediləcək
İnfrastruktur
24 Aprel , 2015 12:59
​Bakıya yeni avtobuslar gətirilib

Bakı. 24 aprel. REPORT.AZ/ Bakıya yeni iritutumlu sərnişin avtobusları gətirilib. Bu, “BakuBus” MMC-yə məxsus “Iveco” markalı yeni avtobuslardır. Hazırda Hökumət Evinin qarışında təxminən 70-80 ədəd belə avtobus düzülüb.

"Report"un əldə etdiyi məlumata görə, bu, şirkətin Fransadan aldığı avtobusların növbəti partiyasıdır.

Qeyd edək ki, "BakuBus" MMC ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alıb. Yeni avtobuslarda gediş haqqı kartla ödəniləcək. Bu kartdan həm də metroda istifadə olunacaq. Avtobuslardakı bütün materiallar yanğına, donmaya və buxarlanmaya davamlıdır. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə avtobusların salonlarında kameralar quraşdırılıb, qapılar xüsusi sistemlə təchiz edilib. Bu nəqliyyat vasitələrində uşaq və əlillər üçün xüsusi oturacaqlar qoyulub. Avtobuslar sıxılmış təbii qazla işləyir.

Xatırladaq ki, əvvəlcə yayılan məlumatda bildirilib ki, Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Fransanın “CNH Industrial” brendi olan “Iveco Bus” şirkəti tərəfindən Bakıya “Crealis” markalı 151 ədəd yeni avtobus gətiriləcək. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə "Iveco Frans" şirkəti arasında dəyəri 50 mln. avro təşkil edən müqavilə imzalanıb.

"BakuBus" MMC Azərbaycan Nazirlər Kabinetinin 3 aprel 2014-cü il 92 nömrəli qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişin daşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub.

İngilis versiyası New buses delivered to Baku

Son xəbərlər

Orphus sistemi