Bakının mərkəzi ilə birləşən yollarda dəyişiklik ediləcək - ƏLAVƏ OLUNUB

Bakının mərkəzi ilə birləşən yollarda dəyişiklik ediləcək - ƏLAVƏ OLUNUB "GEMMS" məsləhətçi şirkəti iki layihənin icrasını təklif edir
İnfrastruktur
21 İyul , 2017 13:35
Bakının mərkəzi ilə birləşən yollarda dəyişiklik ediləcək - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 12:37-də verilib

Bakı. 21 iyul. REPORT.AZ/ Bakıda Heydər Əliyev prospekti ilə mərkəzi ərazini birləşdirən Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

"Report" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi "GEMMS" məsləhətçi şirkəti ilə bu çətinliyin aradan qaldırılması üçün iki həll yolu layihəsi işləyərək təklif edir.

Belə ki, Y.Səfərov küçəsində daha 2 kəsişmədə (Sabit Orucov küç. ilə Nizami küç. və 28 May küç. ilə Mehdi Mehdizadə küç.) düzünə hərəkətin təşkili təklif olunur.

"M.Mehdizadə və S.Orucov küçələri səmərəli həndəsi xüsusiyyətlərə malik olsalar da, onlar nəzərdə tutulduğundan az istifadə edilir. Çünki onlar şəhərin mərkəzinə getmək üçün uzun dairəvi marşrutlar təklif edirlər. Yeni təkliflərə görə, bu kəsişmələr işıqforlar vasitəsilə idarə olunacaq. Bu, Y.Səfərov küçəsinin iki tərəfi arasında həm şəhər mərkəzinə giriş, həm də şəhər mərkəzindən çıxış üçün qısa və birbaşa təmin edəcək. Hər iki istiqamətdə intensivliyi azaldaraq Y.Səfərov küçəsində uzun dairəvi marşrutlar ləğv olunacaq".

Kəsişmələrin sinxronlaşdırılmış işıqforlarla idarə olunması ərazidə nəqliyyat sıxlığının yaranmasının qarşısını almaqla yanaşı, həm də Üzeyir Hacıbəyov küçəsində nəqliyyat axınının nizamlanmasına imkan verəcək. Nizami küçəsi ilə kəsişmədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidinin təşkili də nəzərdə tutulub. Eyni zamanda, qeyd edilən kəsişmələr Y.Səfərov küçəsində mövcud geridönmə yerinin ləğv edilməsi, geridönmələrin bu kəsişmələr vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.

Bu kəsişmələrin təşkili həm də “Ağ Şəhər" layihəsini şəhər mərkəzi və Nəriman Nərimanov prospekti (Sovetski layihəsi) ilə birbaşa birləşdirəcək əhəmiyyətli cet dəhliz yaradacaq.

Eyni zamanda, Nəcəfqulu Rəfiyev küçəsi Babək prospektindən şəhər mərkəzinə və əks istiqamətdə əsas dəhlizə çevriləcək. S.Orucov və M.Mehdizadə küçələri müvafiq olaraq A.Cəlilov küçəsi və Nobel prospektinə paralel alternativlərə çevriləcək.

***

Qeyd edək ki, Yolların Optimallaşdırılması Layihəsi çərçivəsində BNA-nın mütəxəsissləri Y.Səfərov küçəsi ilə bağlı geniş təhlillər aparıb, yolda nəqliyyatın maneəsiz hərəkətinə səbəb olan problemlər müəyyən edilərək optimal həll yolları təklif edilib: "Təklif edilən həll yollarının əsas özəlliyi onların minimum xərclər hesabına başa gəlməsidir. Təkliflər hazırlanarkən diqqətdə saxlanılan digər vacib məqam isə Y.Səfərov küçəsinə yaxın ərazilərin gələcək inkişaf planlarının nəzərə alınmasıdır. Məhz bu həll variantının reallaşdırılması sayəsində Yusif Səfərov küçəsindən keçməklə şəhərə giriş-çıxışa imkan verən alternativ yollara malik səmərəli yol şəbəkəsinin qurulmasına nail olunacaq".

Y. Səfərov küçəsində mövcud problemlər sırasında qeyd edilir ki, günün pik saatlarında küçədən şəhər istiqamətində saatda 8 500, əks istiqamətdə isə 5 000 avtonəqliyyat vasitəsi hərəkət edir. Y.Səfərov və Afiyəddin Cəlilov küçəsi ilə şəhər istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin böyük əksəriyyəti (7 500 avt./saat) yollarını Üzeyir Hacıbəyov küçəsi ilə davam etdirir ki, bu da adıçəkilən küçədə sıxlığın yaranmasına səbəb olur. Siqnallaşdırma müddətləri tez-tez Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mexaniki qaydada dəyişdirilir (artırılır) və yaxud yol hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir, nəticədə Ü.Hacıbəyov küçəsi üzrə hərəkətə üstünlük verilir. Ü.Hacıbəyov küçəsində yaranan sıxlıq “domino effekti” nəticəsində bütün kəsişən və paralel küçələrdə problemlər yaradır.

Y.Səfərov küçəsinin Ü.Hacıbəyov küçəsi ilə kəsişməsində yerləşən geridönmə yerinin ləğv edilərək yerinin dəyişdirilməsi Nizami küçəsinin də əhəmiyyətini azaldıb. Belə ki, artıq şəhərdən çıxış məqsədilə Y.Səfərov küçəsindən istifadə edən nəqliyyat vasitələri birbaşa Neftçilər prospekti vasitəsilə yola daxil olur ki, bu da pik saatlarda Y.Səfərov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Yeni təşkil edilən geriyədönmə yerində gözləmə ərazisinin az olması və geriyədönmə üçün xüsusi zolaqların olmaması digər nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaratmaqla yanaşı, həm də hərəkət təhlükəsizliyini təmin etməyə imkan vermir.

Hazırda A.Cəlilov küçəsindən Ü.Hacıbəyov küçəsi vasitəsilə şəhər mərkəzinə giriş istisna olmaqla, Y.Səfərov küçəsinin iki tərəfi arasında birbaşa qoşulma yoxdur. Alternativ yolların olmaması A.Cəlilov və Ü.Hacıbəyov küçələrində nəqliyyat şəraitini pisləşdirir, belə ki, hərəkətin intensivliyi yolun buraxma qabiliyyətindən yüksəkdir.

Son xəbərlər

Orphus sistemi