Yuxarı
    Bağlamaq

    Bakının kirayə mənzil bazarında aktivliyin azalması davam edir

    Ekspertlər: Aktivliyin son aylarda zəif qalmasının əsas səbəbini qeyri-mövsümi amillərlə əlaqələndirmək olar

    Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı şəhərinin kirayə mənzil bazarında 2014-cü ilin dekabr ayında təklif olunan mənzillərin əksər hissəsi, noyabra nisbətən daha kiçik sahəyə malik olub. Ümumilikdə bazarda aktivliyin azalması davam edir.

    "Report"un verdiyi xəbərə görə, "MBA Ltd." qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun dekabr hesabatında bildirilir ki, hesabat ayında qiymətlər 970 dollar/mənzildən 12,89% azalaraq 845 dollar/mənzil dəyərində qərarlaşıb. Bazarda əməliyyatların sayı isə 145-dən 1,38% azalaraq 143-ə düşüb. Hər 1 kv.metrə görə isə kirayə haqqı 1,13% artaraq 11,47 dollar/kv.m-dən 11,6 dollar/kv.m-ə yüksəlib.

    "Nəzərə alsaq ki, dekabrda bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində nisbətən azalma qeydə alınıb, o zaman hər mənzilə görə qeyd edilən azalmanı bazar şərtlərinə uyğun hesab etmək olar. Dekabr ayında təklif portfelində orta qiymətə (500-1000 dollar aralığında) olan kirayə evlərinin payı 52,92% ilə üstünlük təşkil edib. Bahalı evlərin (aylıq kirayə haqqı 1 000 dollardan yuxarı) payı bazarda 28,1%, ucuz evlərin (500 dollara qədər) payı isə 18,98% olub", - hesabatda vurğulanır.

    Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub, tələb portfelinin bir qismini isə qısamüddətli (1-2 ay müddətinə) kirayə müqavilələri bağlayanlar təşkil edib.

    Ümumilikdə dekabrda kirayə mənzil bazarında təklifin həcmi 1% artaraq 274 mənzil olub.

    "Aktivliyin son aylar zəif qalmasının əsas səbəbini qeyri-mövsümi ayların olması ilə əlaqələndirmək olar. Qış aylarında tikinti sektorunda olan durğunluq nəticəsində Bakıya kənar şəhərlərdən gələn və kirayə evlərə ehtiyacı olan işçilərin azlıq təşkil etməsi, bu seqmentin zəifləməsinə gətirib çıxarıb", - "MBA Ltd."dən bildirilib.

    Noyabr ayından fərqli olaraq, dekabr ayında xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin azlığı ilə bağlı olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi